SON XƏBƏRLƏR
loading...
Kəmaləddin Heydərovu "qalxan" edən icra başçısı haqda yeni iddialar...

Qaradağ rayonunda sahibkarlara qarşı sərgilənən münasibət ciddi etirazlara səbəb olur.

Belə ki, rayonda bütün gəlirli sahələrin Qaradağ RİH başçısı Süleyman Mikayılov tərəfindən inhisara alındığını bildirən mənbəmiz sahibkarların baş verənlərlə bağlı ölkə prezidentinə şikayət edəcəyini iddia edir:

"Ölkə prezidenti İlham Əliyevin yerlərdə icra strukturlarının sahibkarlara "haqq” qoymasından xəbərdar olmasını deməsi və bu kimi neqativ hallara qarşı mübarizənin gücləndiriləcəyini bəyan etməsi Qaradağda fəaliyyət göstərən sahibkarları cəsarətləndirib. Buna qədər onlar səslərini çıxartmağa çəkinirdilərsə prezidentin məlum çıxışından sonra baş verənlərlə bağlı hərəkətə keçmək qərarına gəliblər”.

Məlumat üçün bildirək ki, Süleyman Mikayılov rəhbərlik etdiyi rayonda fəaliyyət göstərən sahibkarlara qarşı yolverilməz rəftarı səbəbilə tez-tez mətbuatın gündəminə gəlib. İcra başçısı sahibkarlarla apardığı uzun və yorucu mübarizədən sonra artıq rayon ərazisindəki bütün daş karxanalarını nəzarəti altına sala bilib. Güzdək, Qızıldaş qəsəbələrində və Qızıl Qaya adlanan ərazidə yerləşən daş karxanalarını müxtəlif vasitələrlə sıxışdıran icra başçısı bir neçə il bundan öncə həmin sahibkarların müqavimətini qırmağı bacarıb.

Savash.org-a daxil olan məlumatda bildirilir ki, 2012-ci ildən etibarən Qaradağın daş karxanaları icra başçısına haqq ödəyir. Ötən illər ərzində ödənilən məbləğ ayda 10000 manat olsa da, keçən ildən həmin məbləğ 30000 manata qaldırılıb. Aylıq "haqqın” artırılmasına etiraz edən sahibkarlar isə şantaj və təzyiqlərlə üz-üzə qalıblar. Bundan sonra sahibkarların böyük hissəsi bu haqqı ödəməyə razı olub.
Daxil olan məlumatlarda vurğulanır ki, bu gün Qaradağda inşa olunan qanunsuz tikililər də icra başçısının əlavə gəlir mənbəyi kimi çıxış edirlər. Açıqlamalar görə, rayonda son illərdə inşa olunmuş 50 mindən çox qanunsuz tikili var. Bunlardan yığılan vəsait isə milyonlarla ölçülür. Bildirilir ki, rayonda sadə ev tikmək istəyən vətəndaşlardan 5-10 min manat arasında rüşvət toplanır. Toplanan pullar isə bilavasitə başçının "büdcəsinə” daxil olur. Digər məlumata görə isə rayon rəhbərliyi Qaradağda həyata keçirilən yenidənqurma və abadlıq işlərini də özünün qazanc mənbəyinə çevirə bilib. Bu xüsusda açıqlamalarda bildirilir ki, icra başçısının yenidənqurma və abadlıq işlərində istifadə olunan üzlük və mişar daşlarını çox ucuz qiymətə, bir çox hallarda isə hətta pulsuz almasına rəğmən, müvafiq sənədlərdə həmin məhsulların qiyməti bir neçə dəfə şişirdilir.
Kəmaləddin Heydərovu "qalxan" edən icra başçısı haqda yeni iddialar...
Mənbənin bildirdiyinə görə, bu yolla Süleyman Mikayılov ayrılan dövlət vəsaitlərinin mənimsənilməsinə yol açır. Belə ki, Qaradağdakı daş karxanalarında hasil edilən əhəng daşının yerində qiyməti 20-25 qəpikdən baha başa gəlmir. Amma tikinti zamanı istifadə olunan bu materialların sənədlərdə qiyməti 60-65 qəpik göstərilir ki, bu da qiymətin təxminən 3 dəfə şişirdilməsi deməkdir. Üzlük daşlarına gəldikdə isə burada qazanc 2 dəfə artıqdır. Çünki emal olunmuş həmin daşların maya dəyəri təqribən 18-20 manata bərabər olur. Amma icra başçısı onları sənədləşdirərkən 33-35 manat civarında göstərir. Bundan başqa məlumatlı mənbələr iddia edirlər ki, hər il rayonun sosial iqtisadi inkişafı üçün milyonlarla manat vəsait ayrılsa da, onların aqibəti heç kimə məlum deyil. Qismən aparılan təmir işləri günəmuzd fəhlələrə gördürülür. Büdcədən ayrılan vəsait isə naməlum təşkilatlara köçürülərək mənimsənilir.

Qaradağdakı dözülməz durumla bağlı saytımıza müraciət edən şikayətçilər bildirir ki, icra başçısı fövqəladə hallar naziri Kəmaləddin Heydərova güvəndiyini və bu səbəbdən ona kimsənin heç nə edə bilməyəcəyini söyləməsi isə sakinlərdə qıcıq yaradır: "Süleyman Mikayılov hər fürsətdə Kəmaləddin Heydərovla yaxınlığını gözə soxur, vaxtilə ona çox böyük xidmətlər göstərfiyini fəxrlə danışaraq özü haqda "toxunulmaz şəxs” obrazı yaradır. Biz isə bütün bunlarla bağlı ölkə prezidenti İlham Əliyevə müraciət etməyə hazırlaşırıq. Hər halda biz ölkənin söz sahibi kimi bir nəfəri tanıyırıq – prezident İlham Əliyev. Biz hər şeyi bütün təfərrüatlarına qədər prezidentə yazacağıq, o zaman görək Kəmaləddin Heydərov Süleyman Mikayılovu qoruya biləcəkmi?”.

SAVASH.ORG



Baxış sayı: 209