SON XƏBƏRLƏR
loading...
Hafiz Hacıyevdən Elza Seyidcahana cavab: — "Xalq artistidir, bilmirəm nədirsə..."

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizəd olmaq istəyən əməkdar artist Elza Seyidcahanın “dedilər ki, 3 ay bundan əvvəl deputatlar artıq təyin olunub” fikrinə münasibət bildirib.

Partiya sədri Ölkə.Az-a açıqlamasında xanım sənətçinin fikirlərinin yanlış olduğunu deyib:

"İstəməzdim ki, seçkidən narazı olanlar prosesə kölgə salsınlar. Elza xanım artistdir, xalq artistidir, bilmirəm nədirsə, o, özünü öz peşəsində sınamalıdır. Bu gündən təbliğat-təşviqat kampaniyası başlayıb. Seçkiyə kölgə salmağın nə əhəmiyyəti var ki? Hələ bir nəticələri gözləsinlər. Axı deputatlıq təyinatla yox, seçkiylədir, xalq seçir. Dövlətçiliyə qarşı bu qədər kin-küdurətlə danışmaq mənasızdır. Əlin nəyəsə çatmayanda dövlətə şər-böhtan atmağın mənası yoxdur. Dövlət, xalq, vətən bizimdir. Bir deputatlığa görə bunlar hamısı qalxıb ki, deputatları təyin edirlər, ay belə, ay elə. Görünür Elza xanımın siyasi baxışları zəifdir. Hər halda o gözəl artistdir, hörmətim var. Amma özünü siyasətdə sınamasın, getsin yeni mahnılar yazdırsın, özünə bəstəkarlar tapsın. Canımızla, qanımızla dövləti qoruyub bu səviyyəyə çatdırmışıq. İstəməzdim ki, belə danışıb, Azərbaycana müəyyən dairələrin təzyiqini bir az da gücləndirsinlər. Ona məsləhətim budur ki, yanlış informasiyalara inanmasın. İnanıram ki, ölkədə normal seçkilər keçiriləcək. Seçkidən sonra nəsə demək olar. Kimlərinsə diqtəsi ilə nələrsə deməsinlər. Ölkəyə, dövlətə qara yaxmaq olmaz. İstəməzdim ki, Elza xanım Azərbaycanı istəməyən qüvvələrə qoşulsun. Hamı da bilsin ki, heç nə edə bilməyəcək".

Qeyd edək ki, Elza Seyidcahan noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etmək üçün 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürmək istəsə də, yetərincə imza toplaya bilməmişdi.

İntiqam VALEHOĞLU



Baxış sayı: 247