SON XƏBƏRLƏR
loading...
XURAMAN RÜSTƏMOVANIN TƏHSİL NAZİRLİYİNDƏ EŞQİ BAĞIROV ADLI QORUYUCU MƏLƏYİ

XURAMAN RÜSTƏMOVANIN TƏHSİL NAZİRLİYİNDƏ EŞQİ BAĞIROV ADLI QORUYUCU MƏLƏYİBeyləqan təhsilində baş verən qanunsuzluqlardan nə qədər yazsaq da, bitib- tükənmək bilmir. Xuraman Rüstəmovanın Beyləqan rayon Təhsil Şöbəsinə müdir təyinatı demək olar ki, bu rayonda təhsilin onsuz da qeyri-qənaətbəxş olan ümumi vəziyyətini daha aşağı səviyyəyə saldı. Belə desək, Xuraman Rüstəmovanın təhsilə müdir gəlişi heç də beyləqanlılara düşərli olmadı. İşlədiyi cəmi 5 ay olsa da, Beyləqan təhsilini korrupsiya məngənəsində sıxan xanım müdirə rayonda indi ən varlı oliqarxlardan sayılır.

Sonolay.org saytı olaraq bu mövzuda oxuculara təqdim etdiyimiz ötən məqalədə yazmışdıq ki, Beyləqan təhsilində vakant yerlər verilmədən təhsil müdiri qeyri - qanuni olaraq xeyli sayda müəllim işə götürüb. Apardığımız araşdırmalarda məlum olub ki, 5 ay ərzində Xuraman Rüstəmova 35 müəllimi Təhsil Nazirliyindən vacib proseduradan keçmədən rayon məktəblərində işlə təmin edib. Əlbəttə ki, bütün bunlar da təmənnasiz başa gəlməyib. Xuraman Rüstəmova ilk əvvəl müqavilə ilə və yaşları 65 və daha yuxarı olan müəllimlərə hədə - qorxu gələrək, onları işdən çıxaracağını bildirib. Yenidən müqavilə bağlaması üçün onlardan 500-1000 manat arasında rüşvət yığıb.

Etibarlı qaynaqlardan Sonolay.org-a verilən məlumatlara görə, Beyləqan rayonunda müqavilə ilə çalışan 300-ə yaxın müəllim var. Deməli, onların hər birindən yeni müqavilə bağlanılması üçün alınan rüşvət məbləğini 500 manatdan hesablasaq, toplam 150 min manat pul edir ki, bunu da xanım Rüstəmova cibinə qoyub. Daha 35 müəllimin Təhsil Nazirliyində vacib prosedurlardan keçmədən yalnız Xuraman Rüstəmovanın "rüşvət attestatsiyasından" kecərək işlə təmin olunması isə onlara 2000-3000 min manat civarında başa gəlib. Bu məbləği də üst-üstə hesablasaq, artıq Xuraman xanımın 5 ayda nə qədər haram kapitala yiyələndiyini bilmək elə də çətin deyil.
Məlumatlara görə, X. Rüstəmova Bahar qəsəbə məktəbinə 9 aylıq müqavilə əsasında işə götürdüyü alman dili müəlliməsindən 2500 manat alıb.

Xuraman Rüstəmovanın qol qoyduğu qanunsuzluqlardan biri də odur ki, 10 yaxın məktəb direktorlarını hədələyərək işdən azad edib. Qanunla məktəb direktorlarını TN azad edə bilər. Çıxarılan məktəb direktorlarının yeri də vakant verilməli, nazirlik tərəfindən müsabiqədən keçən şəxs direktor təyinatı almalıdır. Əgər TN-də müsabiqədən keçən yoxdursa, direktorluq vəzifəsi müvəqqəti direktor müavininə həvalə olunur. Müavin bundan imtina edirsə, onda pedaqoji şura çağırılmalı, direktor vəzifəsi müəllimlərdən birinə həvalə edilə bilər. Ancaq Xuraman Rüstəmova bu prosedurları kənara atıb direktor kürsüsünu 10 min manata hərraca çıxarıb. Maraqlı məqam ondan ibarətdir ki, dünən yazdıqlarımızdan sonra X. Rüstəmova qeyri - qanuni yolla vakant yer vermədən işə qəbul etdiyi müəllimləri TN-də İnsan Resursları Şöbəsinin müdir əvəzi Eşqi Bağırovun göstərişi ilə götürdüyünü dilə gətirib və saytımızın baş redaktorunu polislə hədələyib.
XURAMAN RÜSTƏMOVANIN TƏHSİL NAZİRLİYİNDƏ EŞQİ BAĞIROV ADLI QORUYUCU MƏLƏYİ
Yeri gəlmişkən qeyd edək ki, TN-nin sektor müdiri əvəzi E. Bağırovun yerlərdəki xanım təhsil müdirlərinin qanunsuz əməllərini ört-basdır etməsi, onlar haqda edilən şikayətləri araşdırmadan məhz onların özlərinə göndərməsi barədə KİV-də yetərincə məlumatlar dolaşıb. Məsələn, keçən ay Qafqaz Xəbər Agentliyinə müraciət edən Astara rayon sakini Rəşad Əlövsət oğlu Həsənov bildirib: “2016-cı ilin sentyabr ayında Astara rayon Təhsil şöbə müdirinin qanunsuz əməlləri barədə dövlət orqanlarına müraciət ünvanlamışam. Çox təəssüf olsun ki, həmin faktların araşdırılması Təhsil Nazirliyinə həvalə olunsa da həmin Nazirlik tərəfindən heç bir araşdırma aparılmadı. Ən təəcüblü hal odur ki, Təhsil Nazirliyinin insan resursları şöbə müdiri əvəzi cənab Eşqi Bağırov “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinə zidd olaraq mənim şikayət məktubumu şikayət etdiyim vəzifəli şəxsin ,yəni Qızbəs Məmmədovanın icraatına göndərib. Belə çıxır ki, mən vətəndaş kimi şikayət etməkdə səhv etmişəm. 12 ildir ki, rayon təhsilinə rəhbərlik edən, 2006-2015-ci illərdə rayon təhsilinə ayrılmış on milyonlarla pulu öz şəxsi ehtiyacları üçün xərcləyən və özünə dəbdəbəli həyat tərzi quran şəxs mənim ondan etdiyim şikayət baxacaqmi?"

Məsələyə münasibəti öyrənilən hüquqşünas Ələsgər Məmmədli Qafqaznews.az-a bildirib ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna edilən son dəyişikliklərə görə, korrupsiya faktlarını ictimailəşdirən şəxslər hər hansı şəkildə təqibə məruz qala bilməzlər: "Dövlətin qanunları bu halları ictimailəşdirən vətəndaşların müdafiəsini təmin edir. Lakin yerlərdən, müxtəlif rayonlardakı məmurlardan edilən şikayətlərin məhz özlərinə göndərilməsi vətəndaşların təhlükəsizliyi üçün risk daşıya bilər. “Vətəndaşların müraciətlərinə baxılması” haqqında qanunda müraciətlərə baxılmasının müddəti və bütün qaydaları aydın yazılıb. Şikayəti rayon təhsil şöbəsi yox, onun yuxarı instansiyası – Təhsil Nazirliyi və ya müvafiq şöbə araşdırmalı idi. Eyni zamanda, düşünürəm ki, nazirlik Təhsil Şöbəsinin müdirindən edilmiş şikayəti onun özünə yox, hüquq mühafizə orqanlarına, o cümlədən, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərməliydi".
Növbəti sayımızda Beyləqan Təhsil Şöbəsində tarifikasiya fırıdağı barədə, eləcə də digər korrupsiya hüquqpozmaları haqda yazacağıq. Eyni zamanda da X. Rüstəmovanın adının nurçularla bir arada hallanmasına da işıq salacağıq.

Sonolay.org



Baxış sayı: 899