SON XƏBƏRLƏR
loading...
“Rus səfirin qətlində ABŞ izi” iddialarına reaksiyalar

 “Rus səfirin qətlində ABŞ izi” iddialarına reaksiyalarRəsmi Vaşinqton ağır ittihama operativ münasibət bildirdi; politoloq: “Vaşinqton Rusiya səfirinin qətlində niyə maraqlı olmalıydı ki?”

Dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun silahlı şəxs tərəfindən güllələnməsi faktının arxasında hansı qüvvələrin dayanması gündəmin baş mövzularındandır.

Qətlin Türkiyə-Rusiya münasibətlərinin pozulması üçün planlaşdırıldığı da səslənən iddialardandır və bu mənada səfirə qarşı terrorun arxasında ABŞ-ın dayandığı versiyaları da var.

Maraqlısı budur ki, hələ Rusiya və Türkiyənin yaratdığı birgə istintaq qrupunun gəldiyi nəticə, ortada konkret dəlil-sübut yoxdur, amma ABŞ-a yönəlik ittihamlar var. Artıq bu iddialara okeanın o tayından reaksiyalar verilib.

“Birləşmiş Ştatların Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə heç bir əlaqəsi yoxdur”.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib. Dövlət katibi Türkiyənin xarici işlər naziri ilə söhbət zamanı Gülənin ABŞ-da olması səbəbindən Amerikanın bu çirkin qətlə yardım etməsi və onda iştirakına dair Türkiyədə səsləndirilən bəyanatlardan narahatçılığını ifadə edib. "Bu ittihamlar tamamilə yalandır və həqiqətlə heç bir əlaqəsi yoxdur” deyə, Kirbi bildirib. Kirbi qeyd edib ki, Rusiya səfirinin qətlinin motivləri barədə rəsmi təhqiqat başa çatanadək möhtəkirlik etmək olmaz.

“Rəsmi Vaşinqton Ankarada səfir Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı cinayət işinin araşdırılmasında Rusiya və Türkiyəyə kömək etməyə hazırdır”.

Bunu isə ABŞ dövlət katibi Con Kerri bildirib. “ABŞ baş vermiş qətli qətiyyətlə pisləyir” C. Kerri əlavə edib.

Türkiyədə sui-qəsd nəticəsində öldürülən Rusiyanın bu ölkədəki səfiri Andrey Karlovu şəxsən tanıyan, onunla dostluq münasibətləri olan İldırım Beyazit Universitetinin professoru, doktor Saleh Yılmaz “bu hadisədə Amerikanın barmağı ola bilərmi” sualına “bu hadisədə bir ölkənin adını çəkmək doğru olmaz. Onsuz da bu hücumu təşkil edənlər elə planlamışlar ki, əsl günahkarı göstərəcək sübut qalmasın” deyə, cavab verib.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Rusiyanın Ankaradakı səfirinin öldürülməsi ilə bağlı müxtəlif versiyaların səsləndiyini vurğuladı. Onun sözlərinə görə, həm Rusiyanın, həm də Türkiyənın siyasi ekspertlərinin və siyasətçilərinin rəylərində üst-üstə düşən başlıca məqam ondan ibarətdir ki, terroru planlaşdıranların məqsədi Türkiyə-Rusiya münasibətlərini yenidən gərginləşdirmək olub: “Türkiyə-Rusiya münasibətlərinin yenidən gərginləşməsində maraqlı olan dövlət və güclər bəllidir: ABŞ, Fətullah Gülən, PKK, YPG, PYD, DAİŞ. Ancaq bəlkə bunların heç birinin terrorçu ilə əlaqəsi olmayıb. İnsan amilini unutmaq lazım deyil. Məsələn, polisdə işləyən Mert Altıntaş hər gün ölkəsinin televiziya kanallarının xəbərlərində Hələbdəki dəhşəti, uşaqların qətlini, Rusiyanın bombardmanlarını və Ankarada Rusiya səfirliyi qarşısında etirazı izləyirdi. Beyin dözməyib, polisdə çalışsa da, Mert Altıntaşda psixoloji pozğunluq əmələ gəlib və o qərara gəlib ki, intiqam almaq lazımdır və onun üçün ən əlçatan iş Rusiya səfirini öldürməkdir. Əlbəttə, mən iddia etmirəm ki, Mert Altıntaş təkbaşına plan qurub və arxasında heç bir güc yoxdur. Ancaq bu versiya da istisna deyil. Buna baxmayaraq, ”Rusiya səfirinin qətli kimlərin maraqlarına uyğun idi" sualı hələ uzun müddət səslənəcək. “Maraqlı tərəf” axtarışı davam edir. Diqqət yenə də Fətullah Gülənin üzərində cəmləşir. Səfiri qətlə yetirən polisin şəbəkəyə aid olduğuna dair şübhələr səsləndirilir".

E.Şahinoğlu qeyd etdi ki, əgər Gülənin adı çəkilirsə, ağla istər-istəməz Mərkəzi Kəşfiyyat İdarəsi gəlir: “Çünki Türkiyədə belə bir deyim var ki, Güləni ”üst ağıl" idarə edir. “Üst ağıl” dedikdə isə Mərkəzi Kəşfiyyat İdarəsi və müxtəlif Amerika mərkəzləri nəzərdə tutulur. Ancaq Rusiya səfirinin öldürülməsində mən Amerikan izinin olduğuna şübhə edirəm. Elə Gülənin özü də qətldən dərhal sonra səfirin öldürülməsindən duyduğu narahatlığı bildirdi. Gülən bununla demək istədi ki, mənim bu işdə əlim yoxdur. Belə baxanda ABŞ-ın Rusiya səfirinin öldürülməsində niyə marağı olsun ki? Əlbəttə, Rusiya səfiri Andrey Karlovun Ankarada öldürülməsi Moskvanın Suriyada Bəşər Əsədə verdiyi dəstək və Hələb şəhərinin Əsəd ordusunun nəzarəti altına keçməsi ilə bağlıdır. O da var ki, Rusiya tərəfinin ilk reaksiyası bu olacaqdı ki, Türkiyə tərəfi sərgiyə qatılan səfirin təhlükəsizliyini təmin etməli idi. Buna baxmayaraq, hadisədən dərhal sonra proqnozum belə idi ki, bu olay təyyarə olayında olduğu kimi, Rusiya-Türkiyə münasibətlərinə mənfi təsir etməyəcək, tam əksinə, Ankara əlindən gələn hər şeyi edəcəkdi ki, Suriya məsələsində Moskva ilə ortaq məxrəcə gəlsin.

Çünki Ankara səfirin vurulmasına görə üzərində mənəvi məsuliyyət hiss edəcək. Başqa sözlə, Rusiya səfirini itirsə də, olay sanki Kremlin işinə yarayacaq, Türkiyəni daha çox özünə tərəf çəkməyə müvəffəq olacaq. Proqnozum özünü doğrultdu. Rusiya özünü soyuqqanlı apardı və Moskvada Türkiyənin xarici işlər və müdafiə naziri ilə çox konstruktiv dialoq aparıldı. Əgər bunu biz proqnozlaşdıra bilmişdiksə, Mərkəzi Kəşfiyyat İdarəsi də əvvəlcədən proqnozlaşdıra bilərdi ki, səfirin ölümü Ankaranı Moskvaya daha yaxın edəcək. Bu isə Vaşinqtonun maraqlarına cavab vermir. Belədirsə, Vaşinqton Rusiya səfirinin qətlində niyə maraqlı olmalıdır ki?"

E.PAŞASOY



Baxış sayı: 110