SON XƏBƏRLƏR
loading...
Ermənistanın cəsəddən düzəltdiyi çirkin oyun-XİN-dən sərt reaksiya

 Ermənistanın cəsəddən düzəltdiyi çirkin oyun-XİN-dən sərt reaksiyaBir həftədən artıq vaxt keçsə də İrəvan ordumuzun əsgərinin cəsədini geri vermir; Hikmət Hacıyev: “Ermənistan təhlükəli bir..."

Ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş vermiş döyüşlərdən bir həftədən artıq vaxt keçsə də, Azərbaycan ordusunun əsgəri Çingiz Qurbanovun cəsədi Ermənistan tərəfindən geri verilmir. Beynəlxalq Qırmızı Xaça müraciət olunsa da, erməni tərəfi cəsədi qaytarmaqdan imtina edir. Ermənistan beynəlxalq humanitar normalara, müharibənin yazılmış və yazılmamış qanunlarına növbəti dəfə hörmətsizlik nümayiş etdirməkdədir.

Ermənilərin əlinə hələ 90-cı illərin əvvəllərindən Qarabağ döyüşlərində istifadə etdikləri praktikanı-cəsədlərdən qisas almağı və onlarla alver etməyi yenidən işə salmaq fürsəti düşüb.
Beynəlxalq humanitar normalar, müharibələr zamanı yaralılarla, cəsədlərlə və əsirlərlə rəftarı tənzimləyən beynəlxalq konvensiyalar, lap elə yazılmamış müharibə qanunları cəsəddən qisas almağı, onun təhvil verilməsini ləngitməyi yolverilməz sayır. Bu, həm də heç bir insanlığa sığmayan praktikadır və belə praktikadan məhz Ermənistan istifadə edir.

Xatırladaq ki, bir neçə il əvvəl Azərbaycan ərazilərindəki erməni mövqelərinə hücum edib onu darmadağın edən, onları ciddi itkiyə məruz qoyan Milli Qəhrəman Mübariz İbrahimovun və Fərid Əhmədovun cənazələrini də Ermənistan uzun müddət qaytarmaqdan imtina edirdi.
Ötən ilin aprel döyüşlərində isə ermənilər cəsədlərin qaytarılmasına ona görə tezliklə razı oldular ki, Azərbaycan tərəfinin nəzarətində də çoxlu erməni döyüşçüsünün cəsədi qalmışdı. İndi isə Azərbaycan əsgərinin cəsədi düşmən əlindədir və onu qaytarmaq istəmirlər. Odur ki, keçmiş döyüşçülər, hərbi ekspertlər düşmənlə onun başa düşdüyü dildə danışmağın gərəkdiyini bildirirlər. Bu fikirdə olanlar hesab edir ki, Ermənistanın Qarabağdakı əsgərlərindən bir neçəsini ya diri, ya da ölü ələ keçirməklə şəhid əsgərimiz Çingiz Qurbanovu asanlıqla geri almaq olar.

Ermənistan şəhid olmuş əsgəri Azərbaycana təhvil vermədiyi bir vaxtda Azərbaycan öz paytaxtında Ermənistan vətəndaşları olan ermənilərə yaşamaq, hətta işləmək imkanı yaradır. Azərbaycan əsir düşmüş erməni hərbçilərinə yüksək insani rəftar nümayiş etdirir, Ermənistan isə azərbaycanlı əsirlərə amansız işgəncələr verir. Azərbaycan erməni əsgərlərinin cəsədlərini dərhal Ermənistana təhvil verir. Ermənistan isə azərbaycanlı əsgərin cəsədini də əsir saxlayır. Lakin belə görünür ki, işğalçı Ermənistan Azərbaycan tərəfindən dəfələrlə nümayiş etdirilmiş humanistliyi zərrə qədər də nəzərə almır. Ona görə də artıq düşmənə düşmənin özü kimi davranmağın zamanı çatıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistan beynəlxalq konvensiya və humanitar normaları pozmaqla yanaşı, çirkin və təhlükəli bir oyun oynayır: “Ermənistan Azərbaycanla sərhəddə təxribata yol verdikdən dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. 2 yanvarda isə Xarici İşlər Nazirliyi daha bir açıqlama yayıb. Ermənistanın Azərbaycan sərhədində törətdiyi təxribat qəti şəkildə pislənilib. Ermənistanın təxribatının qarşısını alarkən Azərbaycan ordusunun hərbi qulluqçusu şəhid olub. Çingiz Qurbanovun nəşini hələ də Ermənistan tərəfi beynəlxalq humanitar hüququ və xüsusilə də Cenevrə konvensiyalarının öhdəliklər və tələblərini kobud şəkildə pozaraq qaytarmaqdan imtina edir. Cenevrə konvensiyalarına əsasən döyüş şəraitində hər hansı itki olduğu halda onun qarşı tərəfə verilməsi dərhal təmin olunmalıdır. Amma Ermənistan tərəfi özünün qeyri-humanist, qeyri-insani mahiyyətini, Cenevrə konvensiyalarına məhəl qoymadığını nümayiş etdirərək Azərbaycan əsgərinin nəşini geri qaytarmır. Ermənistan əsgərin cəsədini öz çirkin dezinformasiya maraq və məqsədləri üçün istifadə etməyə çalışır. Bu, beynəlxalq təşkilatlar tərəfindən kəskin şəkildə qınanılmalıdır. Çingiz Qurbanovun cəsədinin geri alınması üçün aidiyyəti dövlət və hökumət qurumları ilə əlaqəli şəkildə Xarici İşlər Nazirliyi beynəlxalq təşkilatlara, beynəlxalq ictimaiyyətə müraciətlər edib. ATƏT-in Minsk Qrupunun həmsədrləri, Beynəlxalq Qızıl Komitəsi və digər beynəlxalq təşkilatlar qarşısında bu məsələ qaldırılıb, hərbi qulluqçunun Azərbaycana və ailəsinə təhvil verilməsinin təmin olunması istənilib. Ermənistan isə hələ ki əsgərin nəşini verməyib. Ermənistanın davranışına fikir versək bu dövlət sivil davranış qaydalarından tamamilə uzaq bir ölkədir və beynəlxalq hüquqi qaydalara riayət etməyən bir ölkədir. Son hadisə də bir daha Ermənistanın simasını açıq şəkildə beynəlxalq ictimaiyyət qarşısına qoydu. Ermənistan beynəlxalq konvensiya və humanitar normaları pozmaqla yanaşı, çirkin bir oyun oynayır. Bu çox təhlükəli bir oyundur və bu oyun regional sülh və təhlükəsizliyi təhdid altına qoyur”.

Etibar SEYİDAĞA



Baxış sayı: 36