SON XƏBƏRLƏR
loading...
Putin Trampı necə prezident edib; Amerika kəşfiyyatı açıqladı - Həmid Hersçi yazır

Rus hakerlər ABŞ-dakı prezident seçkisinin taleyini həll edib, prosesin gedişatını dəyişib
 Putin Trampı necə prezident edib; Amerika kəşfiyyatı açıqladı - Həmid Hersçi yazır
Rusiya prezidenti Vladimir Putinə həsr etdiyimiz ötən portret-yazımızda, biz onun ən məxfi sirrini-gizli “MOLE” parolunu (rusca “güvə”, ingiliscə “köstəbək, porsuq”) diqqətinizə çatdırdıq. “MOLE” ləqəbinə kəşfiyyatda ən məxfi, gizli xüsusi agentlər layiq görülür, biləsiz. “MOLE”lərdə adət var - ən qapalı, bağlı ərazilərə, şkaflara, siyirmələrə, seyflərə, bilgisayarlara sızmağı bacarırlar. Ən çətini, yadda saxlayın, bu müasir simsim mağaralarına bir təhər girməkdi. Gizlincə sızmaqdı. MOLE-lər, bu məxfi ünvanlara girməyi bacardısa, vəssalam, qanınız getdi. Seyfinizdəki saxlancınızla bir dəfəlik sağollaşın. Çətin bir də o sirlər “qızıl güvələrin” - MOLE-lərin caynağından qurtarıb, seyfə qayıtsın. Məğlubiyyətinizlə qəbul edib, xahiş edirəm, başınızı aşağı sallayaraq öz acı aqibətinizlə razılaşın.

Bəli... Rusiya prezidenti Putinə - müasir dövrün ən ciddi MOLE-sinə, “qızıl güvəsinə” heç kim...heç bir ciddi maneə, tam məxfi, qapalı ərazilərə, seyflərə, bilgisayara girməyi yasaq edə bilməz. “Qızıl güvə” çox...çox...siz bildiyinizdən də dəfələrlə istedadlıdır. Məxfi ərazilərə girmək istedadı, Putində özünü lap uşaqlıqdan, məktəb illərindən göstərməyə başlayıb. Sonralar bu nadir istedad, xüsusi təlimlər nəticəsində tam mükəmməlləşib. Belələrinə elmdə həm də STALKER deyib, onları ciddi nəzarətə götürürlər. Dünyada bir çox ciddi kəşflər, möcüzələr, tapıntılar əksər hallarda alimlərə deyil, məhz STALKER-lərə məxsusdu, biləsiz. Sadəcə stalkerlər üzdə deyil... pərdəönündə deyil, pərdəarxasında qalmağı sevərlər.

Onlar solaxaydılar. Sol əllərinin gücünə, qüdrətinə yaxşı bələddirlər. İndi bu üç solaxay, üç stalker - Yulian Assanj, Robert Snouden, nəhayət, “qızıl güvə” Vladimir Putin birləşib yazıçı Leskovun “Solaxay” əsərindəki kimi “biti, nallamaq istəyirlər”.
Allah arzunuzu eşitsin. ABŞ Demokrat Partiyasının rəhbərlərinin ağlına yuxuda belə gəlməzdi ki, bir gün onun ən məxfi saytı solaxaylar tərəfindən dağıdılacaq. MOLE-lər, “qızıl güvələr” saytın gicgicə “POROL” kodunu ikicə saniyəyə açıb, tarixdə ilk dəfə Amerikadakı prezident seçkilərinin nəticələrinə təsir etməyi bacaracaqlar. Sirlər saytdan çıxarılıb bütün dünyaya yayılacaq.

Hadisələr, Leskovun məlum süjetini, romanını sözün əsl mənasında təkrarlayır elə bil.
Solaxay MOLE-lərin, hakerlərin “biti, nallamaq arzusu” tam uğurla nəticələnib.
Bunun üçün isə artıq heç nə lazım deyildi.

Solaxay əllər lazım idi, bilgisayarlar, bir də iti zəkalar, vəssalam. Çox özünü yorma daha. Qalanını, həyatın gur axarı özü həll edəcək, görərsən.

***

Hamı, necə deyərlər, “bütün tərəqqipərvər, demokratik dünya ictimaiyyəti” səbirsizliklə 6 yanvar tarixini gözləyirdi. Amerika Mərkəzi Kəşfiyyat İdarəsi həmin gün rəsmi brifinq keçirib, pis-yaxşı çox vacib bir suala cavab verməlidir - “Rusiya haker ordusu, son prezident seçkiləri zamanı həqiqətənmi prosesə müdaxilə etməyə bacarıb? Düzmü, əyrimi bütün bu ittihamlar?

Yoxsa məğlub tərəf - Demokrat Partiyası, seçki marafonunda iflasa uğradığından sağlam məntiqdən kənara çıxıb özünə bəraət axtarır indi? Axır macalda ağzına, ağlına gələni mətbuata sızdırıb, yeni prezidenti Donald Trampı fakt qarşısında qoymaq istəyir yoxsa?


***

Donald Trampın israrlı tələblərinə baxmayaraq, brifinq, ötən dəfə baş tutmadı. Təxirə salındı. Hiss olunur Jon Brennan - ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri, brifinqə hələ tam hazır deyil.

Vəziyyətin “rusca” olduğunu hiss edən Tramp, şübhələrini Tvitterdə bütün dünyaya yayıb: “Kəşfiyyatın, rus hakerləri barədəki brifinqi cümə gününə qaldı. Görünür, iddiaları sübut etmək çətindi. Zaman istəyir. Qəribədir.”

Respublikaçıların nəzarətindəki Senat da, deyəsən ağzına su alıb susur. Xüsusi komissiya yaradıb araşdırmalara qoşulmağa tələsmir. Halbuki, Senatdakı demokratik azlıq - Con Makkeyn, Lindsi Qrem çoxdan bəri israr edir ki, məhz MOLE-lərin ucbatından Demokrat Partiyası seçkilərdə uduzub, Kopitoliyanı, Dairəvi kabineti respublikaçı Donald Trampa, Hollivud ulduzunu xatırladan yeni tipli siyasətçiyə təhvil verməyə məcbur qalıblar.

***

Mövzuyla əlaqədar Federal Tədqiqatlar Bürosu və Amerika Daxili Təhlükəsizlik Nazirliyinin qərarı eynidir - MOLE kompüter virusu, (gəlin bu virusu indən sonra bu cür adlandıraq) Ukrayna mənşəlidir.

Məlumatı, dövrü mətbuatda məşhur haker Julian Assanj şərh edib: “Bu, kommersiya alətidir. Ukrayna məhsuludur. İstənilən şəxs, qara bazardan bu proqramı alıb öz məqsədləri üçün istifadə edə bilər. Yəni, Amerika xüsusi xidmət qurumlarının məruzəsindən dezo qoxusu gəlir. Yaxud lap pis-ABŞ xüsusi xidmət qurumları deyəsən öz öhdələrinə düşən vəzifəni lazımı səviyyədə həyata keçirə bilmirlər”.

O, qeyd edib ki, Rusiya dövləti onun məşhur saytı üçün informasiya mənbəyi deyil: “Bütün bunlar başaldatmaqdı. Məqsəd birdi - Trampın qələbəsi üzərinə kölgə salıb, onun legitimliyini şübhə altına almaq”.

***

“Rus hakeri” brendi hələ 1990-cı illərdə, Berlin divarı yıxılandan dərhal sonra yaranaraq elə ilk günlərindən özü barəsində min bir əfsanəyə qol-qanad verib. O çətin, ağır günlərdə Rusiyada xeyli sayda savadlı, peşəkar riyaziyyatçı alim işsiz qalmışdı.

Qısası, rus hakerlərdən çoxdan qorxurlar. Onların çox pis şöhrəti var. Barələrindəki ittihamlar heç bir çərçivəyə sığmır: “Ay, bu hakerlər dünya bank sisteminə girib ordan milyardlarla pul qapazlayıblar. Ay, bəs bu gədələr yarı yolda dayanan-zad deyillər. Növbəti hədəfləri siyasətdi. Siyasətçilərin bağlı seyfləri, bahalı bilgisayarlarıdı”.

Son hadisələr göstərir - rus hakerlər, solaxay MOLE-lər çoxdan dünya pərdəarxasında ciddi nüfuza malikdirlər. 25 il ərzində püxtələşiblər. Dönüblər dünya siyasətinin, pərdəarxasının ayrılmaz bir hissəsinə. Mark Qaleotti - kompüter təhlükəsizliyi üzrə aparıcı ekspert, rus hakerlər barədə görün indi nələr deyir: “Qərblilərin bahalı bilgisayarları, rahat şəraiti ruslarda elə indi də yoxdu. Kodlaşdırmanı onlar həmişə müstəqil həyata keçiriblər. Mərkəzləri, təbii ki, Neva sahilləri, Piterdir. Rus hakerlərin bilgisayarlardakı forumları öz səviyyələrinə görə həmişə birinci yerdədir. İzləyin bu forumlardakı müzakirələri. Tramp qələbəsinin ipucunu bəlkə bu saytlarda tapdız”.

Rus hakerlərin ilk sifarişçiləri sırasında əvvəllər mafiya üzvləri çoxluqda idisə, vəziyyət indi belə deyil: “Kreml rəhbərliyi, hakerləri indi öz qanadları altına alıb. Hakerlərdən tələb olunur ki, ölkə daxilində heç nə etməyib, bütün hədəflərini, qurbanlarını Rusiyadan kənarda axtarsınlar.

2007-ci ildə rus hakerlər ilk olaraq Estoniyanı diz üstə çökdürürlər. Bir il sonra eyni aqibəti Gürcüstan da yaşayır. Çox əl-qol atdıqdan sonra axır öz acı taleyinə təslim olur. Məhz Cənubi Osetiya hadisələrindən sonra rus hakerlər tam heyətləri ilə birgə Rusiya Ordu Kəşfiyyatının - QRU-nun tərkibinə daxil olub beynəlxalq aləmdə ildırım kimi parlamağı bacarırlar. Məşhur “Newsweek” dərgisi mövzun belə davam etdirir indi: “Rusiyanın nəhəng nüvə arsenalı çoxlarına tanışdı. Özünün Suriya əməliyyatı zamanı bu ölkə nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Ancaq rusların bu günkü ən müasir silahını atom başlıqlı raketlərdə görməyin. Rusların ən mükəmməl müasir silahı indi ixtiyarlarındakı nəhəng beynəlxalq haker ordusudur”.

Norveç dövləti də rus hakerlərin qurbanları siyahısındadır. Norveç polisinin Təhlükəsizlik Xidməti rəhbəri Benedikt Byernland hələ 2015-ci ildən aləmə car çəkir ki, yatmısınız filı qulağında, dünya-aləmdən xəbəriniz yoxdur. Bəs, ruslar internet vasitəsi ilə Norveçi çoxdan “işğal ediblər” - “Sirlərimiz, kodlarımız çoxdan Moskvanın ovcundadır. Krımın ilhaqından sonra sanksiyalara məruz qalıb təklənən Rusiya, çıxış yolunu məhz kompüter hakerlərində görüb bu sahəni özünün ən strateji hədəfi seçdi. Və...Və uduzmadı.”

***

Haker savaşlarının çox saylı iştirakçıları təkcə elə “Mole”-lərlə kifayətlənmir. Burdakı “mole”lər özü kimi bir başqalarıyla - “mendax”larla sıx gizli ittifaqdadırlar. “Mole”-lər rus hakerləridir, “Mendax”lar Julian Assanj ordusunun üzvləri. “Mole”lər özlərini qızıl güvələrə oxşadırlar, “mendax”lar gəmirici həşəratlara. Deyəsən bəxt hər iki dəstə üzvlərinin üzünə gülüb bu dəfə. Dəstələr birləşib Amerikanı virtual döyüşlərdə məğlub etməyi bacarıblar.
Əhsən deməyəsən, bəs nə deyəsən bu sehirbaz solaxaylara?



Eşitdiyimə görə bu solaxay hakerlərin bircə masa üstü kitabı var - rus klassiki Leskova məxsus “Solaxay” kitabı. İşdi, əgər əsəri oxusaz, mole-lərin, mendax-ların sirləri sizə tam aydın olacaq. Əsərin baş qəhrəmanı - solaxay Tula sakini, möcüzə yaratmağa qadirdi. İngilislərin rus imperatoruna verdiyi birə süvenirini o, nallayıb öz yeni sahiblərinə göndərir.
Bu yaxınlarda növbəti rus solaxayı Nikolay Aldunin birəni nallamaq rekordunu təzələyib. O, bu möcüzəyə düz iki il hazırlanıb. Üç aya onu həyata keçirib.

Əvvəlcə öz alətlərini yaradıb, ixtira edib. Siftəni, İncil süjetindən başlayıb - yaratdığı dəvə karvanını iynə gözündən keçirtməyi bacarıb. Ölçülər, 0,25-0,20 millimetrdən kənara çıxmayıb. Sonra Nikolay Aldunin yaratdığı mini T-34 tankını alma tumunun üzərində yerləşdirib. Sonra o düyü zərrəsi üzərində rus yazarlarının portretlərini həkk edib.
Möcüzə silsiləsi, birənin nallanmağı ilə nəticələnib lap axırda.

***

Solaxay Putinin, rus təhsil proqramlarına salınmış “Solaxay” əsərini oxuması, bu qəhrəmanda öz gələcəyini görməsi təbii, başadüşüləndi necə deyərlər. Bax, Nikolay Aldunin biti nallamağı bacarıbsa, deyirsiz indi bunu mole bacarmayacaq, həəə? Bacaracaq...bəli...özü də necə lazımdı o səviyyədə.

***

Artıq gözlənilən məlumat yayıldı. Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Tədqiqatlar Bürosu və ABŞ Milli Təhlükəsizlik Agentliyinin məruzəsində bildirilir ki, rəsmi Moskva ABŞ-da keçirilmiş seçkilərdə Demokrat partiyasının namizədi Hillari Klintona mane olmağa çalışıb.

putin hillary ile ilgili görsel sonucu

“Rusiyanın məqsədi ABŞ cəmiyyətinin demokratik prosesə inamını sarsıtmaq və Hillari Klintona prezident seçilməsinə mane olmaqdan ibarət olub”, məruzədə qeyd edilib.

Ötən ilin oktyabrından etibarən ABŞ kəşfiyyatının rəsmiləri ölkədəki seçki sisteminin rusiyalı hakerlər tərəfindən hücuma məruz qaldığını bildirib. Rəsmi Moskva səsləndirilən ittihamları rədd edir.

Məruzədə başqa nə var? Azərbaycan mediası bu sənədin qısa xülasəsini yayıb. Yaxın saatarda yəqin tam mətn sürətlə yayılacaq.

Beləliklə, ilk reaksiya verildi və Donald Trampın Putinin dəstəyi ilə ABŞ prezident kürsüsünə sahibləndiyi elan edildi.

Düzmü, əyrimi bütün bu ittihamlar?

***
Bəli, ruslar deyəsən birəni nallamağı bacardılar bu dəfə. Qalır indi bizim bu möcüzəyə qoşulub öz birələrimizi nallamağımız.

Kənara çəkilin. O birəni buraxın mən solaxayın öhdəsinə.



Baxış sayı: 774