SON XƏBƏRLƏR
loading...
“Ərdoğan getsə, Türkiyədə terror dayanar” iddiasına sərt etiraz

Tanınmış politoloq belə iddiaları absurd adlandırdı: “Hədəfdə Türkiyədir...”
 “Ərdoğan getsə, Türkiyədə terror dayanar” iddiasına sərt etiraz
Türkiyə hökumətinin bütün cəhdlərinə, hüquq-mühafizə orqanlarının gecə-gündüz əməliyyatlar keçirmələrinə baxmayaraq qardaş ölkədə terror aktlarının ardı-arası kəsilmir. Artıq hər həftə qanlı terror aktları həyata keçirilir.

Əvvəllər xain hücumlar əsasən hərbçilərə, polisə qarşı olurdusa, indi sadə insanlar da terrorçuların hədəfindədir. Bir tərəfdən PKK, bir tərəfdən İŞİD və onları dəstəkləyən gizli güclər, dövlətlər Türkiyəni, əsasən də İstanbulu qan gölünə çevirmək planlarını açıq şəkildə ortaya qoyublar. Belə bir durumda bəzi siyasətçilərin, politoloqların “Rəcəb Tayyib Ərdoğan hakimiyyətdən getsə Türkiyədə terror dayanar, Türkiyə düzələr” kimi iddialar irəli sürürlər. Bu iddiaların müəllifləri hesab edir ki, terrorçuların arxasında dayanan dövlətlər, güclər prezident Ərdoğanı hakimiyyətdən uzaqlaşdıra bilmədiklərindən Türkiyəni terrorla sarsıtmaq, bu yolla xalqda Ərdoğana qarşı narazılıq yaratmaqla istəklərinə nail olmaq istəyirlər.

Bu qənaətə gələn siyasətçilər və politoloqlar fikirlərini əsaslandırmaq üçün 2016-cı ilin əvvəllərində Türkiyədə ard-arda terror aktları həyata keçirən PKK və ona bağlı terrorçu qrupların bu qanlı teraktları prezident Rəcəb Tayyib Ərdoğanın siyasətinə etiraz olaraq həyata keçirdikləri barədə yaydıqları bəyanatı xatırladırlar.

Bu iddialar doğrudurmu? Türkiyədəki terror aktları Ərdoğana görədirmi? Ərdoğan iqtidarda olmasa, terrorçular cinayətlərini dayandıracaqlarmı və Türkiyədə vəziyyət düzələcəkmi?

Politoloq Qabil Hüseynli bildirdi ki, terror aktlarının guya Ərdoğana, onun iqtidarına qarşı olduğu barədə iddialar əsassız, tənqidə dözümsüz, məntiqi əsası olmayan iddiadır: “Terror aktlarının Türkiyə dövlətinə və xalqına qarşı olduğu bəllidir. Hədəfdə Türkiyə dövlətidir. Hər kəsə aydındır ki, terror aktları Türkiyə dövlətini sarsıtmaq üçündür. Ola bilsin ki, indiki Türkiyə iqtidarı müəyyən məsələlərlə bağlı addımlarda səhvə yol verib və verir. Amma şübhəsiz ki, bu gün Türkiyədə indiki iqtidar yox, koalisiyon hökumət olsaydı belə, Türkiyəyə qarşı qurulan bu sui-qəsdlərin, təzyiqlərin qarşısını zərrə qədər də ala bilməzdi. İndiki iqtidar, xüsusilə də prezident Ərdoğan çox ciddi şəkildə mübarizə aparmaq qabiliyyətinə, imkanlarına malikdir. Ölkə əhalisini lazımi ovqatda saxlamağı da bacarır. Bütün bölücü, separatçı, terrorçu qurumlara qarşı ordunun da vasitəsilə mübarizə aparır. Terror aktlarının Ərdoğanın siyasətinə etiraz olaraq həyata keçirildiyi barədə iddialar Türkiyə xalqını iqtidara qarşı qaldırmaq, ölkənin daxilində əlavə siyasi gərginliklər, hakimiyyətsizlik yaratmaq məqsədi güdür. Qəsdən vətəndaşlarda rəy yaratmaq istəyirlər ki, ölkənin terrorla üz-üzə qalması Ərdoğan iqtidarına görədir. Bu rəyi yaradıb xalqı iqtidara qarşı qaldırmaq istəyirlər.

Mən zaman-zaman Ərdoğan iqtidarını tənqid etmişəm, onun bəzi sahələrdə yol verdiyi qüsurları qeyd etmişəm. Amma indiki ekstremal vəziyyətdə Ərdoğan iqtidarı kifayət qədər cəsarətli görünür, səfərbər olunub və qətiyyətli iradə ortaya qoyub".

Politoloq dedi ki, Ərdoğan hakimiyyətdən gedərsə, terror aktları nəinki dayanmaz, hətta Türkiyənin bölünməsi təhlükəsi yaranar: “İndiki məqamda bu iqtidar gedərsə, terrorçular daha da geniş əl-qol açar, Türkiyə çox təhlükəli xaosa sürüklənər. Hətta qardaş ölkə parçalanmaq təhlükəsi qarşısında qala bilər. Heç kim elə zənn etməsin ki, bu gün Ərdoğan iqtidarı getsə, Türkiyədə terror aktları dayanacaq, Türkiyəyə qarşı hücumlar sona çatacaq. Əksinə, daha dəhşətli hadisələr bundan sonra başlaya bilər”.

Etibar SEYİDAĞA



Baxış sayı: 115