SON XƏBƏRLƏR
loading...
Lotu Qulinin əleyhdarı Moskvada azərbaycanlı biznesmeni niyə öldürüb?

Lotu Qulinin əleyhdarı Moskvada azərbaycanlı biznesmeni niyə öldürüb?Azərbaycan əsilli moskvalı iş adamı Əliyev Rəhman Muxtar oğlunun Ağcabədi rayon Yeni Qaradolaq kəndində anadan olmuş 1985-ci il təvəllüdlü, kriminal aləmdə Dato Ağcabədinski ləqəbi ilə tanınan "qanuni oğru" Cavid Məmmədovun adamları tərəfindən qətlə yetirilməsi istintaqa görə daha inandırıcı versiyadır. Yeri gəlmişkən, qətlə yetirilən şəxs də həmin rayonda anadan olub.

Bu barədə Sputnik Azərbaycan-a Moskvadakı Azərbaycan diasporunun hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən və adının açıqlanmasını istəməyən fəal nümayəndəsi məlumat verib.

Beləliklə, sentyabrın 18-i axşam Moskvanın cənubundakı Biryulevo Zapadnoe paytaxt rayonunda odlu silahdan açılmış atəş nəticəsində çoxsaylı güllə ilə qətlə yetirilmiş Rəhman Əliyevin cəsədi tapılıb. Adam yaxın məsafədən vurulub. Hadisənin baş vermə şəraiti göstərir ki, qətl sifariş xarakterli olub. RF Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hazırda baş vermiş hadisənin təfərrüatları açıqlanmır.
Rusiya KİV məlumat yayıb ki, Rəhman Əliyev mütəşəkkil qruplaşmalardan birinin üzvü ola bilər.
Bununla belə, istintaq orqanlarının əldə etdiyi ilkin məlumata görə, Əliyevin qətlinin izləri onunla Dato Ağcabədinskinin adamları arasındakı münaqişəyə gedib çıxır.
Əliyev öz həmyerliləri ilə birlikdə metal toplamaq və satmaqla məşğul olub. Dato Ağcabədinski azərbaycanlı sahibkarlardan aylıq xərac toplayır və Əliyevi də özünə tabe etdirmək istəyib. Lakin Əliyev öz biznesinin "himayə edilməsi" üçün qanuni oğruya xərac verməkdən imtina edib.
Bizim əldə etdiyimiz informasiyaya görə isə Əliyev heç bir cinayətkar qruplaşmaya daxil olmayıb. Xərac verməkdən imtina həmyerlilər arasında "nifaq alması" rolunu oynayıb. Münaqişə onunla nəticələnib ki, Əliyev yaxın məsafədən dəlmə-deşik edilib.

Cavid Məmmədovun adı son vaxtlar qanlı münaqişələrdə tez-tez hallanır. Eyni zamanda Ağcabədinskinin azərbaycanlı "qanuni oğru" Nadir Səlifovla (Lotu Quli) da münasibətləri gərginləşib. Bu iki avtoritet çoxdandır bir-biriləri ilə düşmənçilik edir. Bu düşmənçiliyin tarixi hələ Cavid Məmmədov "Vladimirskiy sentral"da vəziyyətə nəzarət etdiyi (2006-2008-ci illər) vaxtlara təsadüf edir.
Bu yaxınlarda Cavid Məmmədov əvvəllər Rövşən Canıyevin (2016-cı ilin avqustunda qətlə yetirilmiş kriminal avtoritet Rövşən Lənkəranski) klanına daxil olan Suxumi "qanuni oğruları" qrupunun dəstəyini əldə edib və Quli klanına qarşı müqavimətə rəhbərlik edir. Dato Ağcabədinski David Sebiskveradze (Dato Kutaisski), Laşi Celadze (Raça) və Zaza Ambroladze (Zaza) kimi nüfuzlu "qanuni oğrular"ın simasında yunan klanı ilə dostlaşıb.
Bir sıra məlumatlara görə, Dato Ağcabədinskinin bu yaxınlarda Tbilisidə Nadir Səlifovun sağ əli hesab edilən Elşad Məmmədovun öldürülməsində də əli var.



Baxış sayı: 145