SON XƏBƏRLƏR
loading...
“Utanmazlığın bundan o tərəfini….” - Fazil Mustafa Ramil Usubovu müdafiə etdi

“Utanmazlığın bundan o tərəfini….” - Fazil Mustafa Ramil Usubovu müdafiə etdi“Utanmazlığın bundan o tərəfini təsəvvür etmək mümkün deyil. Avropa rəsmiləri götürüb Azərbaycanın Daxili İşlər nazirinə məktub yazıblar ki, bəs Azərbaycanda niyə cinsi azlıqlara "gözün üstə qaşın var" deyirsiniz”. Bu sözləri millət vəkili Fazil Mustafa sosial şəbəkədəki statusunda yazıb və bu durumu təhlil edib.

F.Mustafa qeyd edib ki, nazir Ramil Usubov da mədəni formada bu müraciətə haqlı cavab verərək cinsi azlıq olmaq, hüquq pozuntusuna yol vermək üçün xüsusi imtiyaz yaratmadığını deyib: “Adamlar konkret olaraq yolxucu xəstəliklər yayırlar və buna görə də inzibati məsuliyyətə cəlb olunublar. Fikrimcə, Azərbaycan polisinin bu addımı yerində, doğru və cəmiyyətin dəstəklədiyi bir addımdır. Mən insan haqlarından da, dindən də, siyasətdən də az-çox başı çıxan adamam, düşünürəm ki, xəstə insanlardır, Allah normal insani keyfiyyətləri bu kateqoriyadan olanlara nəsib etməyib, Yaradanın yaratdığına qarşı bizlərin də mərhəmətli olması vacibdir. Ancaq cəmiyyət əxlaqı deyilən bir şey var, bu cür təzahürlər mütləq lokallaşdırılmalıdır ki, insanların ümumi əxlaq prinsiplərini zədələməsin. İnkişaf etmiş ölkələrdə fahişəliyin məkan olaraq lokallaşdırılması və xüsusi yerlərdə lisenziya vasitəsilə mümkünlüyünün nəzərdə tutulması səbəbsiz deyil. Onsuz da istəsən də, istəməsən də cinsi azlıqlar, fahişələr, narkomanlar, alkoqoliklər həm qədim dünyanın, həm də müasir dünyanın reallıqlarıdır, həmişə olmuş və olacaqdır. Ancaq bu təzahürlərin cəmiyyət çoxluğuna təzyiq və təsir göstərməsinə, öz həyat tərzini bu və ya digər vasitələrlə cəmiyyətə sırımasına biganə yanaşmaq olmaz”.

Millət vəkili qeyd edib ki, məhz bu səbəbdən sözügedən kateqoriyadan olan insanlar üçün xüsusi lisenziyalaşdırılmış yerlərin müəyyən olunması, marjinallaşması üçün addımlar atılmalıdır: “Dövlət nəzarəti öz üzərinə götürür, vergisini alır, bu kateqoriyadan olan insanlar, icmalar müəyyən olunmuş məkanlardan kənarda öz vərdişlərini nümayiş etdirməyə çalışarlarsa, o zaman qanunda nəzərdə tutulan sərt tədbirlər görülür. Sirr deyil ki, bu gün ABŞ və Avropada cinsi azlıqların müxtəlif növləri hakimiyyət olimpində rahatlıqla ön mövqelərə çəkilirlər. Maraqlıdır ki, bizim kimi ölkələrdə bu kateqoriyadan olan insanların tədric olunmuş vəziyyətdə yaşamasındansa, ABŞ və Avropa ölkələri onların dinc şəraitdə öz arzularını gerçəkləşdirməsi üçün sığınacaq verib xüsusi imtiyazlı vətəndaşlar kimi yağ-bal içində yaşada bilər. Bunu etmirlərsə, deməli məqsəd birdir: bu virusu bizim cəmiyyətə yaymaq, ailə dəyərlərini alt-üst etmək, tolerantlıq adı ilə əxlaqsızlığa dözümlü bir cəmiyyət formalaşdırmaq. Bəzi dövlət postlarında, sənət məkanında, biznes mühitində, dindar çevrəsində bu tipli insanları dəstəkləyərək onların mövcudluğunu adiləşdirmək, normal bir təzahür kimi göstərmək, bizim üçün daha faydalı olan əksər Qərb dəyərlərinin də mənimsənilməsinə qarşı olanlar üçün də əlverişli arqument yaratmış olur. Ona görə də bu problemə sanki Daxili İşlər nazirliyinə aid məsələ kimi baxaraq cəmiyyətin düşünən insanlarının yaxasını kənara çəkməsi yanlış yoldur. Bu problemlə bağlı dəqiq hüquqi tənzimləmələr olmazsa, ciddi narahatedici hadisələrin gələcəkdə də yaşınması qaçınılmaz olacaqdır”.

Musavat.com xatırladır ki, Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakıda cinsi azlıq nümayəndələrinin saxlanılması ilə bağlı məlumatların təqdim edilməsi barədə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujnieksin müraciətinə cavab verib. R. Usubov cavab məktubunda qeyd edib ki, Bakıda cinsi azlıqlara qarşı tədbirlər əhalinin çoxsaylı şikayətləri əsasında aparılıb:
“Daxil olan şikayətlər əsasında Bakı şəhərində sentyabrın 15-dən 30-dək həyata keçirilmiş profilaktik tədbirlərlə paytaxtın müxtəlif ərazilərində toplaşan cinsi azlıqların yüzlərlə nümayəndəsindən yalnız ictimai qaydanı kobud surətdə pozaraq xırda xuliqanlıq törədən, həmin yerlərdə ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmayan 83 nəfər saxlanılıb və barələrində qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşmə aparılıb. Saxlanılan şəxslərin yol verdikləri qanun pozuntuları məhkəmə qaydasında sübuta yetirildiyindən onlardan 56 nəfəri barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq) maddələri ilə 5 gündən 30 günədək inzibati həbs tətbiq olunub, 18 nəfər cərimələnib, 9 nəfərə xəbərdarlıq edilib”.

R. Usubov məktubunda həmçinin saxlanılan cinsi azlıqlarda təhlükəli infeksiyaların aşkarlandığını qeyd edib: “Müayinələrin nəticələrinə görə 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 16 nəfərdə sifilis, 6 nəfərdə AİDS, 6 nəfərdə HİV, daha 2 nəfərdə Hepatit HCV virusu aşkar edilib. Eləcə də zöhrəvi xəstəlik aşkar edilməmiş daha 24 nəfərin həbsdə saxlanıldığı müddətin islah olunmaları üçün kifayət etməsi nəzərə alınaraq onlar oktyabrın 2-də məhkəmələr tərəfindən vaxtından əvvəl inzibati həbsdən azad ediliblər”.



Baxış sayı: 64