loading...
Bakı İrəvanın 100 milyonluq silah kreditini heç elədi - ilginc gəlişmə

Bakı İrəvanın 100 milyonluq silah kreditini heç elədi - ilginc gəlişməQarabağ münaqişəsinin həllində hərbi faktor sözsüz ki, həmişə aparıcı amillərdən biri olacaq. Yəni böyük müharibə olmasa da hərbi güc amili, hərbi üstünlük sülh danışıqlarında da öz sözünü deyəcək. Əfsus ki, dünyada indi “kim güclüdür, o da haqlıdır” yazılmamış kuralı qüvvədədir.

Başqa sözlə, Qarabağ məsələsində təkcə haqlı olmağımız yetərli deyil, həm də güclü olmalıyıq - hərbi cəhətcə, iqtisadi cəhətcə, demokratik imicimizlə. Bunu həm də işğalçı Ermənistana qarşı özünü göstərən gizli xristian təəssübkeşliyi, dünya erməni lobbisinin ölkəmiz əleyhinə güclü anti-təbliğat fəaliyyəti diktə edir.

Sözsüz ki, zamanın və şəraitin şərt və diktəsini Bakıda da bilirlər. O üzdən Azərbaycanın strateji tərəfdaş və dost ölkələrlə - qardaş Türkiyə, Pakistan, İsrail, Belarusla ilk növbədə hərbi quruculuq sahəsində get-gedə genişlənən əməkdaşlığı tamamilə məntiqlidir.

*****

Söz düşmüşkən, bu arada Azərbaycanın strateji tərəfdaşlarından olan Belarusla yeni silah anlaşmasının bəzi detalları üzə çıxıb. Məlum olub ki, anlaşmanın ABŞ dolları ilə həcmi 170 milyon təşkil edir. Bu məbləğə müxtəlif hərbi texnika və döyüş vahidlərinin alınması daxildir. Belə bir sövdələşmə ən əvvəl İrəvanın Rusiyadan silah almaq üçün az öncə götürdüyü 100 milyonluq kreditə cavab sayıla bilər.

Yada salaq ki, bu ayın əvvəllərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Minskə səfər eləmiş, prezident Aleksandr Lukaşenko tərəfindən qəbul edilmişdi. Mətbuat o vaxt xəbər vermişdi ki, hərbi nazirimiz səfər çərçivəsində Belarusun istehsal elədiyi bəzi müasir döyüş sistemləri ilə də maraqlanıb. Söhbət ilk növbədə “Polonez” reaktiv yaylım atəş sistemlərindən gedir - hansılar ki, hətta “İsgəndər” raket sistemlərinə rəqib sayılır. Prezident Lukaşenko isə bildirmişdi ki, “ölkəsi dost Azərbaycana hər cür dəstəyi verməyə hazırdır”.

Musavat.com-un məlumatına görə, bununla bağlı “Vestnik kavkaza” portalındakı məqaləsində siyasi şərhçi Aleksandr Belyayev yazır: “Polonez” Belarus hərbi sənayesinin müasir sistemlərindən biridir. İstifadə olunan raketlərin tipindən asılı olaraq onun vurma hədəfi 10-120 km təşkil edir. Bu isə Ermənistandakı və işğal altındakı istənilən hədəfi məhv eləməyə tam kifayətdir. Ancaq çətin ki, Bakı Ermənistan ərazisinə zərbəni birinci vurmaq istəsin. Çünki o halda konfliktə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) cəlb olunma riski yarana bilər. Bununla belə, “Polonez” reaktiv atəşli yaylım sistemləri erməni tərəfdən Azərbaycandakı və paytaxt Bakıdakı strateji infrastruktur obyektlərinə “İsgəndər” sistemləri ilə zərbə endirilməsi ehtimalını minimuma endirəcək".

Rusiyalı politoloqun sözlərinə görə, Bakının Minsklə silah anlaşmasının başqa bir tərəfi də var. “Bu - siyasi tərəfdir. Məsələ ondadır ki, Minsk öz ən yeni hərbi texnikasını Azərbaycana verməklə növbəti dəfə, açıq-aşkar Dağlıq Qarabağ məsələsində simpatiyasının kimin tərəfində olduğunu nümayiş etdirib. Bu simpatiya əsla KTMT və Avrasiya Birliyinin üzvü olan Ermənistanın tərəfində deyil”, - deyə o əlavə edib.

*****

Əlbəttə ki, erməni işğalına son vermək üçün Azərbaycan öz hərbi qüdrətini durmadan artırmalıdır. Təsadüfi deyil ki, gələn ilin dövlət büdcəsində müdafiə xərcləri bir qədər də artırılıb. Bu, o deməkdir ki, Bakı öz silahlı qüvvələri üçün modern döyüş texnikası almağı davam etdirəcək. Bu, eyni zamanda işğalçıya növbəti siqnaldır ki, Azərbaycan mövcud status-kvo ilə, işğal rejimi ilə sonsuzadək barışmaq fikrində deyil və ilk əlverişli fürsətdəcə, münasib regional şərtlər yetişən kimi təcavüzkara ötən aprelindəkindən qat-qat güclü zərbələr vuracaq.

Məsələ də ondadır ki, Ermənistan üzərində hərbi üstünlüyümüz hələ ki işğalçı qüvvələri ərazimizdən qovmağa yetərli deyil. Regional şərtlər, o sırada Rusiya amili, bəzi başqa faktorlar hələlik buna mane olur. Ancaq geosiyasi situasiya hər an xeyrimizə dəyişə bilər. Ona kimi isə Azərbaycan lokal hərbi zərbələrlə mütəmadi şəkildə işğalçı qüvvələri 2-2, 3-3 canlı itkilərə məruz qoymağı davam etdirməli, təcavüzkarı daim narahat və “peşman” etməli, “çağırılmamış qonaqları” həmişə səksəkədə saxlamalıdır.

Bu, həm də Ermənistan daxili situasiyanın hakimiyyət əleyhinə daha da sərtləşməsi və güclənən müharibə xofu altında işğalçı ölkənin daha sürətlə boşalması üçün zəmin deməkdir. Əgər indinin özündə Ermənistan öz ordusuna düz-əməlli çağırışçı tapa bilmirsə, sürətlə boşalan ölkədə bu, qat-qat çətin olacaq.

Azərbaycan eyni zamanda dünyada, Avropada yeni separatizm dalğasına qarşı atılan addımları diqqətlə izləməli, onlardan Qarabağ məsələsinin ədalətli həlli yönündə yararlanmağı bacarmalıdır. Yeri gəlmişkən, bu arada məlumat yayılıb ki, İspaniya hökuməti özünün suverenliyini təmin eləmək üçün Kataloniyaya güc tətbiq edə bilər.

“İspaniya hökuməti Kataloniyada nizamı bərpa etmək üçün gücdən istifadə edə bilər”. Axar.az xəbər verir ki, bunu Britaniyanın “Tayms” qəzetinə müsahibəsində İspaniyanın təhsil naziri İniqo Mendes de Viqo söyləyib. “Heç bir hökumət gücdən istifadə etmək istəmir, amma Nazirlər Kabineti həm də ölkədə qanunların işləməsini təmin etməlidir. Əgər Kataloniyada insanlar qanuna tabe olmaq istəməsələr, biz Kataloniya polisi vasitəsilə nizamı bərpa edəcəyik. Biz Kataloniyanın muxtariyyətini ləğv etmirik, əksinə, onu bərpa edirik”, - deyə o bildirib.

*****

Şübhəsiz ki, Azərbaycan İspaniya, Dağlıq Qarabağ isə Kataloniya deyil. Ancaq oxşar məqamlar da var. Üstəlik, Kataloniya ilə paralellikdə Azərbaycan beynəlxalq hüquq baxımından əlavə üstünlüklərə malikdir. Söhbət ən əvvəl BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsindən və erməni xalqının çoxdan öz müqəddəratını təyin etməsindən gedir.

Bu mənada İspaniya kimi unitar dövlət olan Azərbaycanın Dağlıq Qarabağdakı separatçı ocağı zor gücünə dağıdıb öz ərazi bütövlüyü və suverenliyini bərpa etməyə ikiqat haqqı çatır. Kəsəsi, Kataloniya nümunəsi Azərbaycanın əlinə işləyə bilər. Sıra bir gün Qarabağdakı separatçı rejimə də çatacaq... (musavat.com)



Baxış sayı: 120