loading...
Köçkün müəllimlər dondurulmuş əmək haqqlarını tələb ediblər

Köçkün müəllimlər dondurulmuş əmək haqqlarını tələb ediblərOnlar Nazirlər Kabineti qarşısında aksiya keçiriblər

Noyabrın 1-də məcburi köçkün müəllimlər Bakıda etiraz aksiyası keçirib. Onlar Nazirlər Kabinetinin qarşısına toplaşaraq, əməkhaqlarının verilməməsinə etiraz ediblər.

Məlumatı Qarabağ Azadlıq Təşkilatının (QAT) mətbuat xidməti yayıb. Bildirilir ki, aksiyanı Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsi adlanan qurum təşkil edib.

Verilən məlumata görə, qurumun üzvləri, habelə bir qrup məcburi köçkün müəllim əvvəlcə Nazirlər Kabinetinin qarşısına toplaşıb, ardınca qəbul otağına daxil olublar:

“Köçkün düşən müəllimlərə itirdikləri iş yerlərinə görə, orta aylıq əməkhaqqı həcmində ödənişlər edilirdi. Ancaq son aylar müəllimlər həmin ödənişləri ala bilməyiblər. Onlara ödənişlərin dondurulduğu bildirilib”.

Müdafiə komitəsinin koordinatoru Əlövsət Sadıqlı Meydan TV-yə faktı təsdiqləyib. O, köçkün müəllimlərə və büdcədən maliyyələşən digər köçkünlərə ödənişlərin dayandırıldığını deyib:

“Bu qanunsuzdur. İnsanlar işğal nəticəsində öz yurdlarını tərk ediblər, iş yerlərindən məhrum olublar. Dövlətin borcudur ki, onları ya işlə təmin etsin, ya da həmin orta aylıq əməkhaqqının ödənilməsini davam etdirsin. Biz bu məsələyə baş nazirdən, baş nazirin müavini, “Qaçqınkom”un sədrindən aydınlıq gətirmələrini tələb edirik”.

Əlövsət Sadıqlı onu da deyib ki, şikayətçilər Nazirlər Kabinetinin önündə gecələmək istəyirdilər:

“Onların əksəriyyəti qadın idi. Ətrafda isə çoxlu sayda polis toplanmışdı. Odur ki, bu qərarı təxirə salmalı olduq”.

Ə.Sadıqlı şikayətçiləri kimsənin qəbul etmədiyini də bildirib.
İş vaxtı bitdiyindən şikayətə, hələlik, Nazirlər Kabinetindən və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən münasibət öyrənmək mümkün olmayıb.



Baxış sayı: 109