loading...
Hüseyn Abdullayevin utopiyası və intriqası

Hüseyn Abdullayevin utopiyası və intriqası"Adamda gerek azda olsa, utanan bir üz olsun”. Eynilə belə yazmışdı Hüseyn Abdullayev. Yazısının qrammatikasına toxunmadım. “Da”, “də”ni harda bitişik, harda ayrı yazmağı bilmir, görünür.

Amma bu heç. Söhbət Hüseyn Abdullayevin ana dilimizin incəliklərini nə dərəcədə bilməsindən getmir. Onun məsələyə dəxli azdır.

Cənab Abdullayevin bu ifadəni Rauf Arifoğlu və mənim birlikdə çəkdirdiyimiz və sosial şəbəkədə paylaşdığımız şəklin altına yazmışdı.

Sonra məlum oldu ki, yubiley mərasimindən çəkilmiş başqa şəkillərimizin altına da xoşagəlməz sözlər yazıb.

Bu, gözlənilməz idi. Çünki biz bu adamın qəzetimizə, ayrı-ayrı əməkdaşlarımıza, o cümlədən müxalifət düşərgəsinə qarşı etdiyi qanunsuz əməllərin, pisliklərin üstündən keçmişdik, “olan olub, torba dolub” demiş, keçmişdə qapanıb qalmamağı, irəliyə baxmağı üstün tutmuşduq və arada sülh vardı.

Çünki o da bir zamanlar olduğu kimi, “qırğı” deyildi artıq, deputat olduğu halda başına torba keçirilrək təcridxanaya basılmış, malı-mülkü əlindən alınmış, sonucda vətənindən didərgin düşmüş xəstə bir adamdı. Kim olsa, bəlkə də onu “zavallı adam” kimi səciyyələndirmək olardı, amma Hüseyn Abdullayev o dərəcədə də ümidsiz vəziyyətdə deyildi, bir zamanlar topladığı kapitalın babat bir hissəsini xilas etmiş, onun hesabına özünə Almaniyada lüks həyat qurmuşdu.

Hərdən ona qəzetimizdə, saytımızda tribuna verməyi bizə irad tuturdular, deyirdilər, onun 1998-2003-cü illərdə hansı əməllərə qoy qoyduğunu bilmirsinizmi?

Açığı, biz yalnız bir hissəsini bilirmişik. O biri hissəsindən isə xəbərimiz yox idi. Həm də onun haqqında deyilənlər iddia olaraq qalmalı deyildi, ilk ağızdan etiraf olunmalıydı.

Nəhayət, mehriban günlərdə Hüseyn Abdullayevdən elə bir etiraf gəldi. Məlum oldu ki, 2000-ci ilin 7 fevralında adi bir zarafatı bəhanə edərək, Naxçıvandan, konkret olaraq Nehrəm kəndindən bir təyyarə dolusu adamı gətirib Bakıda, Azərbaycan prospekti 37-də yerləşən redaksiyamıza hücum təşkil etdirən məhz Hüseyn Abdullayev imiş.

Bilməyənlər üçün deyim ki, o hadisə ölkədə əməlli-başlı vətəndaş qarşıdurması yaratmışdı. İlk dəfə onda xalq baş verənlərdən dəhşətə gəlmişdi. Ayrıca götürülmüş bir kəndin adamları Bakıya gəlir və “biz spesifik xalqıq, bizimlə belə zarafat olmaz“ deyə ölkənin 1 nömrəli qəzetinə hücum təşkil edir, jurnalistləri öldürmək istəyirdilər.

“Öldürmək” sözü sizə məşhur filmdəki “əzilirlər yox, ölürlər yaz” ifadəsi kimi şişirtmə görünməsin. 20-30 dəliqanlı gənc əllərindəki armaturla, ciblərindəki soyuq silahla, o cür aqressivliklə yuxarı çıxsalar, redaksiyaya girsələr, hər halda, “qardaşlar, belə yazmaq olmaz” deməyəcəkdilər.

Onu da qeyd edim ki, Səbayel rayon Polis İdarəsinin 50-yə yaxın əməkdaşı, başda rəis Nazim Nağıyev olmaqla bir küncdə dayanıb, aqressiv hücumçulara məlul-müşkül şəkildə tamaşa edirdilər, onlara mane olmağa çalışmırdılar.

Bütün bu mərəkəni Hüseyn Abdullayev təşkil edibmiş, özü də azca kənardan, arabasında oturaraq izləyirmiş, heç demə. Həmin gün ölüm hadisəsi olsa, ölkə qarışacaqdı və bu, etdiyinin məsuliyyətini anlamayan Hüseyn Abdullayevin üstündə qalacaqdı.

O dövrlərdə onun etdiyi bədnam hərəkətlər təkcə bunlarla məhdudlaşmır. Tənqidçi jurnalistin oğurlanıb şəhər kənarında amansızcasına döyülməsi faktının müəllifi də odur. Bunu da sonradan öyrəndik. Amma 2000-ci ilin noyabrında bir qrup idmançının müxalifətin mitinqində hücum edərək bəzi liderlərə xəsarət yetirməsi, fəalları döyməsi hadisəsini Hüseyn Abdullayevin təşkil etməsi elə həmin gün hər kəsə bəlli oldu. Ertəsi gün qəzetlərin çoxu bundan yazmışdı.

Nəyə görəsə o, öz üzərinə belə bir funksiya götürmüşdü və hesab edirdi ki, mövcud hakimiyyəti bu cür üsullarla qorumasa müxalifət hakimiyyətə gələ bilər. Adam qeyri-leqal şəkildə əlinin altında cəza dəstəsi saxlayırdı. Bu, ABŞ-dakı “Ku-kluks-klan” tipli yarımhərbi təşkilat idi, sədəcə, əsas xətləri millətçilik deyildi, mahalçılıq idi.

İndi belə bir adam gəlir, ömrünün 28 ilini ölkənin demokratikləşməsinə, söz və mətbuat azadlığının bərqərar olunmasına həsr etmiş adam(lar)ın şəklinə “adamda gərək bir az da utanan üz olsun” deyə şərh yazır.

Bəs bunun səbəbi nədir? Axı bir az əvvələ qədər mehribançılıq idi.

Səbəb budur: bir müddət öncə prezidentliyə namizədliyini irəli sürdüyünü elan edən Abdullayev “Yeni Müsavat”ın rəhbərliyindən dəstək istəyib və rədd cavabı alıb. Bu zaman onun yadına düşüb ki, qəzet satılıb və “ölkənin demokratikləşməsinə kömək etmək” istəmir.

İndi özünüz fikirləşin ki, onun 2000-ci ildə dava-dalaşla gücləndirdiyi rejimi bu gün “diktatura” adlandırması nə dərəcədə səmimi sayıla bilər?

Bu qədər əsəbi, odioz, keçmişi bəlli birinə siyasi dəstək vermək avantüranın ən yekəsi olmazmı? Hətta meydanda heç bir namizəd olmasa, bu cür adam ölkə prezidenti olsa, nələr ola biləcəyini təsəvvür etmək belə mümkün deyil.

Sığındığı ölkədən çıxa bilməyən, ölkəyə girdiyi andaca tutulub ağzıbirə salınacaq adamın prezident olmaq xəyalına düşməsi, özünü şanslı sayması isə hər halda siyasi utopiyanın yeni mərhələsi ola bilər.

Xalid Kazımlı



Baxış sayı: 104