loading...
Beyləqan təhsilində Bermud üçbucağı - Mikayıl Cabbarov, Xuraman Rüstəmova, Vaqif Abdullayev?!...

Beyləqan təhsilində Bermud üçbucağı - Mikayıl Cabbarov, Xuraman Rüstəmova, Vaqif Abdullayev?!...Mikayıl Cabbarov Təhsil naziri vəzifəsinə təyin olunandan sonra çox keçmədi ki, onun uğursuz kadr olduğu barədə cəmiyyətdə fikir formalaşmağa başladı. Çünki təhsilimizin problemləri aradan qalxmaq əvəzinə, əksinə, daha da dərinləşdi. Start verdiyi, “islahat” kimi təqdim edilən bütün tədbirlər gözlənilən nəticəni vermədi.

Nazir bir vacib məsələnin də öhdəsindən gələ bilmədi – təhsil şöbə müdirlərini, təhsil müəssisələri rəhbərlərini yerləşdikləri rayonların, şəhərlərin icra hakimiyyəti başçılarının mənfi təsirlərindən qoruya bilmədi. Nəticə olaraq hazırda yaranmış acınacaqlı vəziyyət göz qabağındadır…

Bildiyimiz kimi, Mikayıl Cabbarov oktyabrın 16-da Füzuli rayonunun inzibati mərkəzi sayılan Horadiz qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Füzuli, Beyləqan, Ağdam, Tərtər rayonlarından olan vətəndaşları qəbul etmişdi. Rayonda məskunlaşmış məcburi köçkünlərin də iştirak etdikləri qəbulda vətəndaşlar müəllimlərin yerdəyişməsi, işə qəbulu, işə bərpa olunması, direktorların işə qəbulu və digər məsələlərlə əlaqədar nazirə müraciətlər etmişdilər. Qəbulda iştirak edən Aşıqlı 2 kənd tam orta məktəbinin qanunsuz işdən çıxarılan keçmiş direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Fazil Əsəd Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovanın qanunsuz hərəkətlərindən, eləcə də qeyri-qanuni yolla müəllimləri işə götürməsi, məktəb direktorlarına hədə-qorxu gələrək, işdən uzaqlaşdırması və yerlərinə qanunsuz təytinatlar aparması ilə bağlı nazirə şikayət etmişdi. M. Cabbarov şöbə müdiri barədə şikayətləri dinlədikdən sonra yerində qərar qəbul etmişdi. O, şöbə müdirinə ərizəsini yazaraq işdən çıxmasını təkidlə tələb etmişdir. Sonrakı ilk günlərdə xəbər yayıldı ki, “əl-ayağa düşən” X. Rüstəmova “mülki müdafiə hazırlığı” kursu keçmək adı ilə Bakıya yollanıb və nazirə “dil-ağız” eləmək üçün yol axtarıb. Lakin nazir onu qəbul etmədiyindən məyus halda geri dönüb və icra başçısı Vaqif Abdullayevin “qanadının altına” sığınıb. V. Abdullayev də xanım şöbə müdiri ilə işləməyə üstünlük verdiyindən, nazirə onun xatirinə “meydan oxuyub”. M. Cabbarovun isə öz dediyini həyata keçirməyə siyasi iradəsi və qətiyyəti çatmayıb. Bildiyimiz kimi, icra hakimiyyəti başçısı dövlət hakimiyyətinin yerlərdəki nümayəndələri olaraq, işlədikləri inzibati vahidlərdə (şəhər və rayonlarda) hökumət strukturlarının rəhbər vəzifəlilərinin təyinatında söz sahibidirlər, nazirlərə həmin şəxslər barədə təqdimatı da məhz onlar verirlər. Lakin bu o demək deyildir ki, rayon-şəhər rəhbərlərinin təpədən-dırnağadək korrupsiya çirkabına bulaşmış məmurları himayə etmək səlahiyyətləri hüdudsuzdur. Nazir qətiyyət göstərməli, lazım gəlsə, Prezident Administrasiyası qarşısında məsələ qaldırmalı, icra başçısının qeyri-konstruktiv mövqe tutmasını bildirməlidir. Nazirin mövcud vəziyyəti dövlət rəhbərliyinin və ölkə ictimaiyyətinin diqqətinə çatdırması üçün çıxış edə biləcəyi tribunalar çöxdur. Belə məsələlərlə bağlı fikirlərini birbaşa kütləvi informasiya vasitələrində deməkdən çəkinirsə, Nazirlər Kabinetinin iclaslarında, hətta hökumətin parlamentə hesabat verdiyi zaman da hamının eşidə biləcəyi səslə ucadan söyləyə bilər. Yaxud da, rayon təhsil şöbəsi müdirinin fəaliyyətini yoxlamaq üçün inandığı, etibar etdiyi müfəttişlərdən ibarət “amansız komissiya” göndərə bilər. Sonra da üzə çıxacaq korruptiv xarakterli qanunsuzluq faktlarını prokurorluğa göndrə, hətta özü də ittihamçı kimi çıxış edə bilər. Bir sözlə, qarşısına məqsəd qoysa, şöbə müdirinin həbs olunmasına da nail ola bilər. Görünür, təhsil naziri istər qorxudan, istərsə də “ağrımaz başını ağrıtmaq” istəməməsindən, bütün bu sadalanan variantların heç birinə getmir. Yəqin, qara bürokratik sistemin içində “ağ qarğa” kimi görünməməkçün bir rayonun təhsilinin süqut etməsini daha əfsəl bilir. Necə deyərlər, ya vəlvələdən, ya zəlzələdən, hansı səbəbdən olursa-olsun, nazir əgər öz üzərinə düşən vəzifəni yerinə yetirə bilmirsə, mütləq istefa verməlidir.

RAMİN MƏHƏMMƏDOĞLU



Baxış sayı: 55