loading...
Medianı AMAAŞ-dan necə xilas etməli?

Medianı AMAAŞ-dan necə xilas etməli?Türklərdə atalar misalı var: "Bir işi bacarmadı, əlinə-üzünə bulaşdırdı".

Azərbaycan Mətbuatının anasın ağladanlar Şurası(AMAAŞ) faktiki vəziyyəti həmin atalar misalında olduğu kimidir. Onlara tapşırılmış işi elə bir şəkilə salıblar ki, eybəcər forma alıb. Durumun cidiyyəti medianın hazırki vəziyyəti, jurnalistkanın nə günlərdə olduğundan məlumdur. Ola bilər kimlərsə bu fikrimə birmənalı yanaşmayacaq və qınayacaqlar.Amma mən bugünkü vəziyyətin yaranmasında təkcə hakimiyyəti qınamıram. Çünki QHT olmasına rəğmən AMAAŞ tutduğu mövqeyindən sui-istifadə edirsə, özünün korporativ maraqlarını qorumaq üçün bütün hoqqabazlığa, əllaməçiliyə baş vurursa, hakimiyyət nə etsin? Düzdür, bəzi məqamlarda müdaxilənin olması zəruri şəkil alsa da, bunun edilməməsi də faciə sayılmamalıdır...

AMAAŞ yarandığı gündən onun başında duranların maraqlarını təmin edib. Bir zamanlar medianın müdafiəsini təmin etməyi qarşısına məqsəd qoymuş bir təşkilat vaxt keçdikcə qazanc mənbəyinə çevrilirsə, bunun qarşısını almaq üçün mətbuatın tədbir görməməsi, iradə nümayiş etdirməməsi faktiki vəziyyətin yaranmasına gətirib çıxarmalıydı. Əslində, indi də gec deyil. Sadəcə, həmin addımları atmaq üçün mətbuatın gücünün lazımi səviyyədə olub-olmaması sual altındadır.

Yazımdaki toxunacağım məsələ AMAAŞ-a qarşı hər hansı bir addımın atılmasını ehtiva etmir. Əksinə, neqativ halları, onların aradan qaldırılmasından bəhs edir. Məsələ belədir ki,AMAAŞ artıq bir media təşkilatından daha çox, biznes qurumuna çevrilib. Təəssüfləndirici har odur ki, həmin biznesin təşəkkülü üçün bu maraqlarına qarşı çıxanların taleyi ilə oynanılır.

Mətbuata son illər təsadüfi adamların gəlişi, jurnalistkanın asan qazanc yeri kimi istifadə olunmasında da bu qurumun "xidmət"i böyük olub. Fəqət mövcud vəziyyətdə belə hallara və adamlara qarşı aparılan mübarizə və ya görülən tədbirlər fərqli şəkil alıb Əslində, burada qəliz məsələ yoxdur. Hər şey göz qabağındadır. AMAAŞ-ın bu istiqamətdə atdığı addımları ənənəvi olaraq şəxsi maraqlara hesablanıb. Ona görə ki, hədəfə alınmış bəzi bəzi jurnalistlər və media quruluşları AMAAŞ-ın istəklərinin əleyhinə gedənlərdir. AMAAŞ-ın qanunsuz tələblərini eşitməyən, belə desək "ipə-sapa" yatmayan jurnalistlər barəsində "tədbir" görməyə başlayır və həmin dərgini "qara siyahıya" salaraq "reket" adlandırır.

Narahatedici hal odur ki, AMAAŞ bunu bir ənənəyə çevirib. Biz bunu Mehman Əliyev və ard-arda başqa jurnalistlərin həbsində də müşahidə etdik. Bir media qurumunun həqiqəti yazan jurnalistləri hədəf alması, ayrı-ayrı məmurları şəxsı maraqları naminə qorumaq üçün həmkarlarını qurban verməsi, məhkəmə qərarı olmadan cinayətkar, şantajçı elan etməsi utancverici haldır.

AMAAŞ-ın həqiqi şantajçılarla deyil, reallığı yazan jurnalistlərihədəfə alması səbəbsiz deyil. Məsələ belədir ki,"reketçilik"lə məşqul olan bir çox media təmsilçiləriylə ortaq anlaşma əldə olunub. Bir qədər sadələşdirim. Anlaşmaya sadiq olanları məmurların üzərinə göndərib, onların əliylə sıxışdırma prosesi reallaşdırılır. Ardından həmin məmurlarla danışığa gedib onlarla "Biz sizi himayə edə bilərik" mesajı verilir. Nəticədə bir çox icra başçıları və digər kateqoriyadan olan məmurlar qazanc mənbəyinə çevrilir. Bununla bağlı onlarca misal çəkə bilərəm.

Bir başqa məsələyə toxunum. AMAAŞ rəhbərliyi hər addımbaşı dilə gətirir ki, guya dövlətin siyasətini dəstəkləyir. Amma dediyinin əksinə gedir. Məsələn dövlət başçısı jurnalistlər üçün inşa edilmiş binanın açılışında söylədiyi nitqində açıq və bir mənalı şəkildə bəyan etdi ki, mətbuat işçiləri onun "sağ əlidir".Onuda vurğuladı ki, mətbuatda yazılanları diqqətlə izləyir. Bunun əyani sübutu kimi məmur və övladlarının özbaşınaqlarına adevkat olaraq onların cəzalandırılmasını göstərmək olar. Belə olan təqdirdə AMAAŞ-ın həqiqəti yazan, məmur özbaşınalıqlarını ifşa edən jurnalistləri hədəfə alması, görəsən, hansı məqsəd daşıyır və ya dövlət başçısının "sağ əli"ni "kəsmək" istəyi haradan qaynaqlanır?

Bu, dövlət başçısının yürütdüyü siyasəti dəstəkləmək yox, ona qarşı çıxmaqdır. Bir başqa məsələni diqqətinizə çatdırım. Bir necə il bundan əvvəl masallı icra hakimiyyətində Mətbuat Günü ilə əlaqədar tədbir təşkil olunmuşdu. AMAAŞ-ın təşkilatçılığı ilə keçirilən tədbirdə icra başçısından pul qopartmaq üçün tənqidi yazılar yazan və adı AMAAŞ-ın "Reket Mətbuat"siyahısında birinci olan "Baş redaktor"a "çürük Mətbuat" mükafatı verildi. Həmin "Baş redaktor" hazırda həbsdədir və ona qarşı irəli sürülmüş şantaj ittihamı fakt və subutlarla təsdiqini tapıb. Üstəlik, bunu özü də etiraf edib. Amma bu hadisənin üzərindən bir müddət keçdikdən sonra həmin mükafata" layiq görülmüş "baş redaktor"məhz AMAAŞ-ın təşəbbüsilə mətbuatın problemlərini müzakirə etmək üçün Ramiz Mehdiyevlə görüşə aparıldı. Maraqlıdır, dünən "Çürük pomidor" mükafatı almış "baş redaktor"un fəaliyyətində nə dəyişdi ki, belə mötəbər tədbirdə iştiraka layiq görüldü? Axı qısa müddətdə nə baş verdi ki,"ad çıxarmış" bir dəstəyə bunca imkanlar aradıldı? Olmaya ümumi maraqlar üst-üstə düşmüşdü? Məgər AMAAŞ rəhbərliyi bilmirdi ki, həmin adamlar sözügedən görüşün videogörüntüsünü yazıb, ondan məmurlardan pul qopartmaq üçün istifadə edirdilər? Məgər təşkilat rəhbərliyi bilmirdi ki, onlar bundan qazanc mənbəyi kimi yararlanacaqlar? Bəs prosesin qarşısını almaq üçün niyə tədbir görülmədi? Elə məsələnin içindəki sirrin üstü bu suallara veriləcək doğru cavablardan sonra açılacaq!

Yazının əvvəlində də vurğuladığım kimi vəziyyət ümidsiz deyil. Durumu dəyişmək üçün ən optimal vasitələrdən biri AMAAŞ-ın Mətbuat Şurasına çevirməsinə nail olmaqdır. Bunu reallaşdırmaq üçün isə təşkilatda əsaslı dəyişikliyə ehtiyac var. Mətbuatın əvvəlki nüfuzunu geri qaytarmaq MŞ də qurulay yoluyla rəhbərliyin dəyişilməsindən, nüfuzlu və mediada böyük hörməti olan şəxsin başa keçirilməsindən və idarəçiliyin idarə heyətinə verilməsindən keçir. İndiyə qədərki təcrübə göstərdi ki, medianın bir fərdin istəyinə uyğun idarə olunması indiki biabırçı vəziyyət yaranır. Digər tərəfdən Əflatun Amaşov hazırda deputatdır. Bu səbəbdən onun işləri kifayət qədərdir! İndiki vəziyyətdə bir əldə iki qarpız tutmağın yeri yoxdur. Ona görədə istefa verib, yerini bu işi daha bacarıqlı, təcrübəli,ən əsası medianı hazırki vəziyyətdən çıxara biləcək birinə buraxmalıdır. Ümüd edirəm ki, AMAAŞ rəhbərliyi bu yazımdan sonra qəzəblənərək məni məhkəməyə verməyəcək.





Baxış sayı: 46