SON XƏBƏRLƏR
loading...
Prezident köməkçisindən prezident “köməkçilərinə” cəza ekspedisiyası - Faktlar

Prezident köməkçisindən prezident “köməkçilərinə” cəza ekspedisiyası - FaktlarMehman Əliyevin həbsində Əli Həsənovun sifarişinin olduğunu deməsi PA rəsmisinin mediadakı əməllərini gündəmə gətirdi - Detallar

Mətbu azadlıqların boğulması, tənqidçi medianın çöküşü, ələbaxımlı edilməsində iştirakı olan məmurun hökmranlığına - ekskursiya...


“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin müsahibəsi elə həbsi qədər gündəmə bomba kimi düşdü.
Azərbaycan jurnalistikasının ciddi və sağlam nümayəndələrindən biri olan M.Əliyevin həbsinin arxasında Prezidentin İctimai-Siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dayandığını söyləməsi böyük səs-küyə, rezonansa səbəb oldu.
Əli Həsənovun cəza ekspedisiyası...
Bu əsnada “Gündəm Xəbər” yazır ki, M.Əliyev kifayət qədər sanballı, çəkili, mediada bəlli ağırlığı olan media kapitanlarından hesab olunur.
Odur ki, onun çıxışları, müsahibələri, səsləndirdiyi fikirlər səhih, tutarlı arqumentlərə söykənir, əsaslı məlumatlara istinad edir.
“Qaynar Qazan”-a verdiyi müsahibəsində də həbsinin sifarişçisi kimi Ə.Həsənovun adını çəkməsi münəccimlik, falçılıq, uydurma deyildi.
M.Əliyev havadan danışan, dezinformasiyalarla cəmiyyətdə ucuz, bayağı sensasiya xatirinə açıqlamalar verən media kapitanı deyil. Ona görə də prezidentin köməkçisinin adını hallandırması olduqca ciddi ittiham idi.
Azərbaycan mətbuatında azadlıqların buxovlanması, müstəqil və tənqidçi medianın çökdürülməsi, ələbaxımlı edilməsi, susdurulması prosesində uzun müddətli iştirakı olan Ə.Həsənov isə M.Əliyevin söylədiklərinə tab gətirə bilmədi və sükutu pozmağa məcbur oldu.
PA rəsmisi geniş müsahibəsində M.Əliyevin onun reputasiyasını zədələməyə yönəlik açıqlamalar verdiyini bildirdi və qaralamağa çalışdığını söylədi.
M.Əliyevin Ə.Həsənovun ünvanına bu fikirləri səsləndirməsini onun imicini korlamaq arzusu kimi qiymətləndirmək yalnız PA yetkilisinin ağlına gələn şablon mülahizələrdir.
“Turan” İA rəhbəri müstəqil media olaraq fəaliyyətini davam etdirirdi və bu, azad jurnalistikanın sonuncu qalalarını da yıxmaq istəyənləri narahat edirdi.
Onlardan biri də elə Ə.Həsənov və onun blokadasevər komandasıdır. Bu gün geniş səlahiyyət sahibi olan Ə.Həsənov Azərbaycan mediasını onun diktəsi ilə oturub-durmağa vadar edir.
Çox sadə - “sözəbaxmayan”, onun tapşırıqlarına boyun əyməyən tənqidçi media tezliklə bloklanır, “cəzalandırılmış” xəbər portallarına giriş mümkün olmur.
Əlbəttə, bir vaxtlar jurnalistləri döyürdülər, həbs edirdilər, təhdid, hədə-qorxu gəlirdilər, başına torba keçirib qanına qəltan edirdilər, indi “müasir” cəza metodları tətbiq olunur. Bu cəza ekspedisiyası saytların, portalların bloklanmasından ibarətdir.
Ancaq bu bloklanma prosesinin mexanizmini həyata keçirən qurumlar məsuliyyətdən boyun qaçıraraq xəbərsiz olduqlarını, sifariş yerinə yetirmədiklərini söyləyirlər. Bizə tanış nağıldır!
Beynəlxalq aləmi qızışdıranlar...
“Gündəm Xəbər” yazır ki, bu kiber cinayəti sayılan əməliyyatın arxasında duran yüksək çinli məmur baş verən maxinasiyaları prezidentdən gizlətməyə çalışır.
Əslində, onun bu “xidməti” beynəlxalq ictimaiyyəti Azərbaycan dövlətinin üstünə qaldırmağa səbəb olur.
Beynəlxalq təşkilatların bəyanatlarına, ittihamlarına, azad və medianın durumu barədə hesabatlarına, Azərbaycanın qeyri-azad media olan ölkələr cərgəsinə düşməsinə məhz Ə.Həsənov və onun komandasının bloklama siyasəti səbəb olur.
Nəticədə tənqidlər prezidentə yönəlir, dövlət başçısı hədəfə çıxarılır, Azərbaycanın və onun liderinin imicinə qərəzli ləkə yaxırlar.
Eləcə də M.Əliyevin həbsi ABŞ Dövlət Departamentinin, Qərb təsisatlarının sərt reaksiyası, çağırışları ilə müşayiət olunmuşdu.
M.Əliyevin dediyi kimi, Ə.Həsənov onun həbsinə nail olmaqla məhz həmin beynəxalq dairələri Azərbaycanın üzərinə qaldırdılar.
Halbuki, Ə.Həsənov M.Əliyevin həbsi zamanı bir açıqlama verə bilərdi. Ancaq PA rəsmisi bu həbsi sükutla qarşıladı və münasibət bildirmədi.
Cəmiyyət isə prezidentin köməkçisinin reaksiyasını gözləyirdi. Çünki Ə.Həsənov Azərbaycan hakimiyyətinin həm də bu məsələlər üzrə sözçüsü hesab olunur.
Ölkənin ziyalı təbəqəsi və hətta Yazıçılar Birliyi M.Əliyevin həbsini pisləmişdilər. Ancaq indi Ə.Həsənov tükünü də tərpətmədi.
Əksinə, M.Əliyevin müsahibəsinə cavabında etiraf edir ki, biz tələbə yoldaşı olmuşuq. O halda tələbə yoldaşının həbsinə nə üçün bir münasibət bildirmədi?!
Onun tələbə yoldaşı olduqlarını söyləməsi sadəcə, “gözə kül üfürmək” idi. Media ictimaiyyəti də bilir ki, prezident tərəfindən müsbət addım atılaraq M.Əliyevin işi nəzarətə götürülməsəydi və həbsdə qalsaydı, Ə.Həsənov indiyə qədər bir açıqlama verməyəcəkdi.
İşin digər tərəfi budur ki, M.Əliyevin müsahibəsi dərc olunar-olunmaz ondan müsahibəni götürən Əvəz Zeynallı prokurorluğa çağrılaraq xəbərdarlıq edilir.
Əgər hər hansı tapşırıq və sifariş yoxdursa, nə üçün M.Əliyevin fikirlərinə görə ondam müsahibə alan jurnalistə təzyiq göstərilib?
Mehman Əliyevin şillə kimi həqiqəti
Əslində, kor-kor, gör-gör, bu iki şəxs Azərbaycan ictimaiyyətinə tanışdırlar. Əli Həsənovun dediyi kimi, ikisi də eyni dövrun və eyni universitetin məzunlarıdırlar: “ Mən Mehmanı gəncliyindən tanıyıram.
1980-ci illərin sonu 90-cı illərin əvvəlində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində onunla paralel təhsil almışıq. O, jurnalistika, mənsə tarix fakültəsində oxuyurduq.
Hər ikimiz də siyasətə elə həmin dövrdən qoşulmuşuq və ikimiz də əliyevçi olmuşuq. Sadəcə o, Əbülfəz Əliyevi, mənsə Heydər Əliyevi təbliğ etmişəm”.
Əli Həsənovun cavab müsahibəsinin bu yerindən təsadüfən başlamadım. Əli müəllim həmişəki taktikadan istifadə edir.
Mehman Əliyevi elçibəyçi adlandırmaqla, hakimiyyətə düşmən olduğunu və yaxud ola biləcəyini vurğulayır.
Yəni adam elçibəyçi olub, onun dediklərinə inanmaq olmaz, düşüncəsi hələ də hakimiyyət dəhlizlərini dolaşır. Bu düşüncə, hakimiyyətdə olan xalq düşmənlərini hələ ki, xilas edir.
Dövlətini sevən və cəmiyyətə fayda vermək istəyən insanlar hakimiyyətə əyilmirlərsə, məhz bu taktika ilə əzilir, sıradan çıxarılırlar.
Əli müəllim Heydər Əliyevi təbliğ etmək sayəsində bu gün prezidentin köməkçisi postuna qədər yüksəldiyini bildirir. Elə bu posta sahiblənməyin nəticəsi olaraq da, Azərbaycan mətbuatını iflic edib.
Bunu isə Mehman Əliyev deyir. M.Əliyev açıq şəkildə və əksəriyyətin bildiyi məlumatı bir daha təkrarlayıb. Bəlkə də həbs zəncirinin bir ucu gedib Əli Həsənova çıxıdğı üçün deyir, nəyə görə deyirsə, həqiqəti deyir:
“Azərbaycanda media siyasətini Prezident Administrasiyasının ictimai-siyasi şöbəsi aparır və bütün təpkilər də medianın üzərinə oradan yönəlir. Kimin danışıb, kimin danışmaması məsələsini də onlar həll edir”.
Medianın tam nəzarətdə olduğunu və Əli Həsənovun icazəsi olmadan bir redaktorun səsini çıxarda bilməməsini iddia edir. Hörmətli Əli Həsənov da iddia ilə razılaşır:
“Qoy mənə dünyada ölkə göstərsin ki, orada dövlət öz mediasını idarə etməyə çalışmır və başlı-başına buraxır.
Odur ki, Mehman Əliyev də nə dediyinin fərqindədir və bu fikirlərin səsləndirilməsi sadəcə olaraq onun aldığı növbəti tapşırıqdır”.
Əli Həsənov hesab edir ki, ölkədə mətbuat adına danışan hər kəs ya hökumətin dediyini yazacaq, ya da ən pis halda həbsə, ən yaxşı halda mühacirətə göndəriləcək. Faktiki olaraq mətbuatla davranış bundan ibarətdir.
Qeyd edək ki, Əli Həsənov tez-tez dövlət deyəndə hakimiyyəti nəzərdə tutur. Bu iki termin ayrı-ayrı mənaları ehtiva etsə də, bunlar hakimiyyətlərini dövlətə elə pərçəmləyiblər ki, hökumət tənqid olunan ki, dövlət əldən getdi, deyə hay-küy salırlar.
“Gündəm Xəbər” kimə nə pislik edib ki?
“Gündəm Xəbər” yazır ki, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu Ə.Həsənovun total nəzarətində olan qurumdur.
Dövlət tərəfindən ayrılan maliyyəni də KİV-lərə bölüşdürmək hökmranlığı prezident köməkçisinin əlindədir.
Ə.Həsənov xoşuna gələn, ona biət edən, göstərişlərə boyun əyən, özünü yaxşı aparan, hakimiyyətin ayrı-ayrı məmurlarını ifşa etməyən, “dövlətçiliyə xidmət edən” KİV-lərə maliyyə dəstəyi verir.
Əgər hansısa qəzet və ya sayt sistemdən kənara çıxırsa, onu KİVDF-nin maliyyəsindən məhrum edirlər.
Axı prezident dəfələrlə qeyd edib ki, ayrı-seçkilik olmamalıdır, jurnalistlər onun köməkçiləridirlər, nöqsanları yazmalıdırlar, ictimai nəzarət gücləndirilməlidir. Ancaq nədənsə, Ə.Həsənovun başçılığı ilə mətbuatın özünə nəzarət gücləndirilir.
“Mən qeyd eləmək istəyirəm ki, hakimiyyətin apardığı bu siyasət - pulla, evlər paylamaqla, fəxri adlarla ələ almaq kimi, digər tərəfdən də təhdid etməklə, həbs elətdirməklə jurnalistlərə yanaşma - uğursuz bir siyasətdir”, - M.Əliyev belə söyləyir. Bəlkə yalan deyir?
Sizin dediyiniz kimi Mehman Əliyev həqiqətən vergi ödəməkdən yayınmışdısa, niyə ölkə başçısının xüsusi tapşırığı ilə azad edildi?
Yox, əgər bu ittiham sadəcə onu həbs etdirmək üçün bəhanə idisə, ölkədə ədalətsiz mühit niyə yaradılır?
Nə üçün Ə.Həsənov haqda tənqid yazanları cəzalandırırlar, təzyiq göstərirlər, üzərinə hücuma keçirlər? Niyə Sizdən yazmaq olmaz? Hansı imtiyazlar verilib ki, media Ə.Həsənov haqda susmalıdır?
Bu gün mətbuat onu tənqid etməkdən çəkinir. Bu gün media onun çıxışlarını baş səhifələrdən verməklə özünü qorumağa çalışır.
Çünki tənqidin ardınca ağır toplarla atəş açılacağı bəllidir. O zaman Ə.Həsənov hansı azad mətbuatdan danışır?
Bu gün “Gündəm Xəbər” qəzetinin tənqidi materiallara görə gundemxeber.az və gundemxeber.org saytları bloklanıb, satışı məhdudlaşdırılıb, çapına maneələr yaradılır, dövlət tərəfindən ayda 1000 tirajı olmayan qəzetlərə maliyyə ayrılır, biz isə məhrum olmuşuq.
Bu gün “Gündəm Xəbər” işçilərin maaşını ödəyə bilmir, çap xərclərini güclə çıxarır, çətinliklə, ağır şərtlər altında ayaq üstə dayanmağa çalışır.
Niyə Ə.Həsənov bir qəzetin ölümünə tamaşa edir? Nə üçün biz KİVDF-dən dəstək görməməliyik? Bu dövlətə, prezidentə hər zaman sadiqliyi ilə fəaliyyət göstərmişik.
Qəzetin məqalələrində həmişə dövlətin, ölkənin milli maraqları üstün tutulub, xarici qüvvələrin məkrli planlarına qarşı təbliğat xarakterli yazılar məqalələr dərc olunub.
Əfsus ki, bəzi məmurlar “Gündəm Xəbər”i özlərinə düşmən görürlər, problemləri işıqlandıran bir mətbu orqan deyil...
Bizsə sadəcə, tənqid yazırıq...



Baxış sayı: 206