SON XƏBƏRLƏR
loading...
Rayon rəhbərinin artan “ŞÖHRƏT”İ və AZALAN ETİKASI

Rayon rəhbərinin artan “ŞÖHRƏT”İ və AZALAN ETİKASIAzərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı sahəsində görülən işləri də işıqlandırmağı, əyalətlərdə həyata keçirilən tərəqqiyönlü tədbirlərə gərəkən informasiya dəstəyi verməyi KİV olaraq fəaliyyətimizin prioritet istiqamətlərindən biri hesab edirik. Əlbəttə ki, region xəbərləri hazırlayan media üçün əsas informasiya mənbəyi kimi yerli icra hakimiyyətlərinin hesabatları xidmət edir. Ancaq hərdən həmin hesabatlarda dəqiqləşdirilməsinə ehtiyac duyulan məqamlara rast gəlinir. Belə ki, Saatlı RİH-nin internet saytında təqdim olunmuş hesabatında rayonun sakinləri tərəfindən yuxarı orqanlara olunan müraciətlərin təhlili də verilmişdir. Həmin təhlildən ortaya çıxan nəticələrdən biri də bu olmuşdur ki, ayrı-ayrı vətəndaşlar aramsız olaraq yuxarı orqanlara müraciət yazmağı vərdişə çevirmişlər. Buna misal olaraq, hesabatda rayonun 14 yaşayış məntəqəsindən vətəndaşlar tərəfindən keçən il yalnız Prezident Administrasiyasına 345 müraciətin daxil olduğu, bunun da ümumi müraciətlərin 74,7 faizini (xüsusi çəkisini) təşkil etdiyi vurğulanmışdır.
Qəzetimizin 25 noyabr 2017-ci il tarixli nəşrinin 2-ci səhifəsində bu məsələyə münasibətimizi ifadə edən məqalə dərc olunmuşdur. “Siraqəddin Cabbarovun qeyri-etik hesabatı” sərlövhəli, “Saatlının icra hakimi ondan “yuxarıya” şikayət edən rayon sakinlərini vərdişkar demaqogiyada suçlayıb” yarımbaşlıqlı həmin məqalədə bildirmişdik ki, S. Cabbarov özü barədə tənqidə, şikayətlərə qeyri-tolerant münasibətini RİH-nin saytında sərgiləməkdən də çəkinmir. Cabbarov 2016-cı ildə rayon Saatlı İcra Hakimiyyətinə daxil olan müraciətləri, xüsusi ilə Prezident Administrasiyası və Milli Məçlisə ünvanlanan müraciətləri xarakterinə görə belə təhlil etmişdi: “Vətəndaşlar yenə də əsasən mənzillə təmin olunmaq, fərdi ev tikilməsi və ya tikinti materialı verilməsi, ünvanlı sosial yardım almaq, işlə və birdəfəlik maddi yardımla təmin olunmaq, kənd təsərrüfatı və bələdiyyədən ƏLAVƏ torpaqla təminat məsələləri ilə bağlı müraciətlərə üstünlük verirlər”.
Təhlildən belə nəticə çıxarmışdıq ki, Saatlı vətəndaşlarının çoxu işləmək, zəhmət çəkib halal qazanc əldə etmək deyil, ancaq və ancaq “hazıra nazir” olmaq istəyirlər. Yəni, saatlılıların elə də dərin problemləri yoxdur və onlar haqq etmədikləri hallarda da ƏLAVƏ təminat istəməyə VƏRDİŞ ediblər. Oxuculara vəd etmişdik ki, qəzetimizin irəliləyən saylarında həmin kənd və qəsəbələrin adlarını öyrənib sakinləri ilə söhbət etməyə, onları narahat edən məsələlərlə tanış olmağa çalışacağıq. Bu məqsədlə Saatlı İcra Hakimiyyətinə sorğu da göndərmişdik. Elə bilirdik ki, RİH məktubumuzu cavablandırmaz. Amma cavab gəldi – rayon rəhbərliyi həmin yaşayış məntəqələrinin adlarını çəkməkdən utanmadı: Saatlı şəhəri, Qaracalar, Qara Nuru, Mircəlalkənd, Əliabad, Qarayevkənd, Şirinbəyli, Soltanabad, Novruzlu, Sarıcalar, Çolpı, Qıraqlı, Mollavaizli, Azadkənd.
Maraqlıdır ki, məqalənin dərc olunduğu qəzet nüsxəsini də qoşma etdiyimiz məktubu cavablandıran RİH yaşayış məntəqələrinin adlarını çəksə də, məqalədə yer alan tənqidi fikirlərə irad bildirməmişdir. Belə çıxır ki, rayon rəhbərliyi, ən azından cavab məktubunu tərtib edən Reyhan Ocaqova (Saatlı RİH başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri) həmin fikirlərlə (hesabatın qeyri-etik olması, başçının vətəndaşları vərdişkar demaqogiyada suçlaması) razıdır.
Xatırladaq ki. qaldırdığımız məsələ gündəmdə olduğu müddətdə Siraqəddin Cabbarov “kənd təsərrüfatı sahəsində nailiyyətlərinə görə” dövlət başçısının sərəncamı ilə “Şöhrət” ordeninə layiq görüldü. Yeri gəlmişkən qeyd edək ki, rayon rəhbərliyindən kənd təsərrüfatının qayğıları ilə əsasən başçının müavini İlham Quliyevdir. Onun barəsində qəzetimizin 06 oktyabr 2017-ci il tarixli nəşrində 5-ci səhifədə dərc olunmuş “Saatlı pambıqçıları zəhmətlərinə verilən layiqli qiymətdən razı qalaraq məhsul yığımında yüksək göstəricilər əldə edəcəklər” sərlövhəli məqalədə söz açmışdıq. Məqalədə İlham Quliyevin rəhbərlik etdiyi Pambıqçılıq qərargahının fəaliyyəti də təqdir olunmuşdur. Təəssüf ki, İlham müəllim Saatlıda bu sahədə görülən işləri daha ətraflı işıqlandırmaq niyyətimizi ifadə edən məktubumuzu cavablandırmadı, Əməkdaşlıq təklifimizi dəyərləndirməsə də, biz yenə də o fikrin üstündəyik ki, İlham Quliyev Saatlıda aqrar sektorun problemlərinin həlli üçün Siraqəddin Cabbarovdan az can yandırmayıb. Şöhrətə də layiqdir, lazım gəlsə başçılıq etməyə də.
Dövlət qulluqçularının etik davranış qaydalarında göstərilir:
– Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. (Sual olunur: S.Cabbarovun hesabatındakı altını cızdığımız məqamlar vicdanlılıq nümunəsi sayıla bilərmi?)
– Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. (Görəsən, icra başçısının qeyri-etik hesabatı onun dövlət qulluğu ilə bağlı vəzifəsinin icrası ilə bir araya sığırmı, onun adına xələl gətirmirmi, başçılıq etdiyi İcra Hakimiyyətinin nüfuzunu aşağı salmırmı?)
– Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına , hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir. (Cabbarovun istisna etdiyi yaşayış məntəqələrinin vətəndaşlarının məlum hesabatdan sonra RİH-nə inamı artdımı, möhkəmləndimi?)
– Dövlət qulluqçusu dövlət orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir. (İcra Hakimiyyətinin internet saytında təqdim olunan hesabat başçının açıq çıxışı sayılmırmı?)
– Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. (Görən, Cabbarov adları məlum kəndlərin özünün təbirincə desək, “şikayətçiliyə vərdiş etmiş” sakinlərinin etimadını yenidən qazanmaq üçün hansısa tədbir görəcəkmi?)
– Dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir. (Rayon rəhbəri bəyəm vətəndaşların müraciətlərinin təhlilindən tutaq ki onların “demaqoq” olduqları barədə çıxardığı nəticəni konfidensial saxlamalı deyildimi?)
P.S. İndi yəqin ki, Saatlı RİH 2017-ci ilin hesabatını təqdim etməyə hazırlaşır. Ümid edirik ki, bu dəfəki illik hesabatda oyundankənar yaşayış məntəqələri olmayacaq.

Pünhan Şükür, “Dərkənar” qəzeti



Baxış sayı: 230