SON XƏBƏRLƏR
loading...
TƏHSİL EKSPERTİ, YOXSA TƏHSİL NAŞISI? – Dünya Bankının milyonları necə oldu?!

TƏHSİL EKSPERTİ, YOXSA TƏHSİL NAŞISI? – Dünya Bankının milyonları necə oldu?!Mirşahinin televiziyasının “Real vaxt” proqramının təhsillə bağlı qonağı Asif Cahangirova baxdım və xəcalət çəkdim. Onun uzun müddət Bakı Şəhər Baş Təhsil İdarəsinin müdiri vəzifəsində çalışdığı illər heç yaxşı xarakterizə olunmur.

Aparıcı Eldəniz Vəliyevlə söhbəti də onu göstərdi ki, bu adam təhsil haqqında sistemli bilgilərə malik deyil. Orta təhsilin qarşısında duran problemlərdən xəbərsizdir. Eldəniz Vəliyevin suallarındakı naşılıqlar başadüşüləndir. O, təhsil adamı deyil. Ancaq ekspert naşı suallara da elə cavablar verməlidir ki, sahə üzrə lazımı biliklərə malik olduğunu nümayiş etdirsin. Özü də naşı görünməsin.

Asif Cahangirov çıxışı boyu iddia edirdi ki, bütün məsələlər haqqında onun vaxtilə fikirləri olub. Bir sözlə həm də münəccim cildinə girmişdi. Yeri gəldi – gəlmədi, Sinqapur və Finlandiya təhsilindən bilmədiklərini danışırdı. Məsələn dedi ki, Finlandiyada Pedaqoji fakultəyə qəbul olunarkən heç bir imtahan verilmir. Başdan–ayağa yalandır.

Finlandiyanın məşhur təhsil tədqiqatçısı Pasi Salberqin “Finlandiya dərsləri” kitabından: “Hər il Finlandiyanın 8 Pedaqoji ali məktəbinə ümumi təhsil müəssisələrinin yuxarı pilləsinin minlərlə məzunu daxil olmağa cəhd edir. Müsabiqə çox yüksək olur. Bu ali məktəblərə daxil olmaq üçün orta məktəbləri bitirmək bəs etmir. Bunun üçün ciddi şəkildə keçirilən Milli Buraxılış İmtahanlarını müvəffəqiyyətlə vermək lazımdır. İbtidai təhsil müəllimləri olmaq istəyənlər içərisindən Milli Buraxılış İmtahanlarında yüksək nəticə göstərən abituriyentlər seçilir” Məncə əlavə şərhə ehtiyac yoxdur.

Asif Cahangirovun ali təhsil sahəsindəki bilgiləri o qədər qüsurlu idi ki, bunları şərh etməyə belə vaxt itkisi hesab edirəm. O, ali təhsilin əlifbasını belə bilmir. Fikir verin, bu adam deyir ki, biz fizikanı, riyaziyyatı kimyanı, mükəmməl bilənləri yox, o bilikləri çatdıran, səriştəsi olanları hazırlamalıyıq. Fizik fizikanı bilmirsə, onda fənnini uşaqlara necə çatdıra bilər, yaxud hansı səriştəyə malik ola bilər. Biliklə səriştənin fərqini isə ümumiyyətlə izah edə bilmirdi…

Asif Cahangirov bioqrafiyasında yazır: “Dünya Bankının maliyyə dəstəyi və texniki yardımı ilə 10 illik Təhsil İslahatı Proqramının (2003-2013), onun birinci mərhələsi olan və beş komponent, on alt-komponentdən ibarət Təhsil Sektorunun İnkişafı Layihəsinin (2003-2007) işlənib hazırlanmasını təmin etmişəm. Layihə umumi təhsildə aşağıdakı prioritet istiqamətlər üzrə köklü islahatların aparılmasını nəzərdə tutmuşdur: ümumi təhsilin keyfiyyəti; kurrikulum; müəllim hazırlığı; dərslik siyasəti və s”.

Real TV də isə deyir: “Səviyyə aşağıdır. 20 ildən çoxdur deyirəm ki, müəllim hazırlığı sistemi bizdə əsaslı şəkildə dəyişdirilməlidir. Biz müasir müəllim, əsl müəllim hazırlamalıyıq”.

Bəs onda Dünya Bankının milyonları necə oldu, hara xərclədiniz o pulları?! Deyirsiniz ki, təhsildə itirilənlər əldə edilənlərdən daha çoxdur. Bir pedaqoq kimi deyirəm: təhsildə itirilmiş illərin əsas səbəbkarlarından biri elə sizsiniz.

Düşünürəm ki, Təhsil sahəsində ekspert institutunun nümayəndələrinin təhsil ictimaiyyətini çaşdırmaqdan başqa əllərindən heç nə gəlmir. Bunun üçün Asif Cahangirovun, Elşən Qafarovun və Kamran Əsədovun danışıqlarına dinləmək bəs edir.

P.S. Asif Cahangirov Avropa Azərbaycan məktəbində Himayədarlar Şurasının üzvüdür. Tövsiyyə edərdim ki, bu məktəbin rəhbərliyi Cahangirovun çıxışını diqqətlə izləsin. Məncə bu çıxışın məktəbin reytinqinə də təsiri olacaq.

AzPolitika.info



Baxış sayı: 89