SON XƏBƏRLƏR
loading...
YENİ NAZİRİN QEYRİ-ADİ BİOQRAFİYASI – 19 yaşında baş mütəxəssis, 26 yaşında şöbə müdiri…

YENİ NAZİRİN QEYRİ-ADİ BİOQRAFİYASI – 19 yaşında baş mütəxəssis, 26 yaşında şöbə müdiri…Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri postundan kənarlaşdırılması nə qədər gözlənilməz oldusa, onun yerinə edilən yeni təyinat da bir o qədər gözlənilməz və müəmma ilə qarşılandı. Bildiyiniz kimi, bu vəzifəyə yeni təyin olunan Sahil Babayevin cəmi 38 yaşı var və nazirlər arasında ən gənci də məhz odur. Ancaq onun bu vəzifəyə qədərki karyerasına nəzər yetirəndə, bəzi suallar meydana çıxır…

Mətbuatda dərc edilən bioqrafiyasına görə, 1980-ci ildə anadan olan S.Babayev, 2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb və hüquq üzrə fəlsəfə doktorudur. Göründüyü kimi, yeni nazir artıq 20 yaşında ali məktəbi bitirib. Bu o deməkdir ki, orta məktəbi də digər həmyaşıdları ilə müqayisədə 1-2 il tez qurtarıb. Təbii ki, yüksək göstəriciləri olan bəzi fitri istedadlı şagirdlərə aid belə hallar mümkündür və mövcuddur. Əlimizdə olan bioqrafiyadan belə qənaətə gəlmək olur ki, bu prinsip S.Babayevə də şamil olunub, yaxud da o, məktəbə 6 yaşından tez gedib…

Ancaq nazirin tərcümeyi-halındakı qeyri-adilik bununla da bitmir. Bioqrafiyada deyilir ki, 1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb. Bu o deməkdir ki, artıq 19 yaşından, yəni universitetdə təhsilini (böyük ehtimalla əyani təhsil alıb-red.) davam etdirməklə yanaşı, ARDNŞ-də də kifayət qədər yüksək postlar tutub. 19 yaşında gəncin baş mütəxəssis və 26 yaşına qədər isə artıq şöbə rəisi olması kifayət qədər yüksək və qeyri-adi göstəricidir, yəni onun yaşıdları və qrup yoldaşları universitetə dərsə gedib-gələndə, S.Babayev artıq ARDNŞ kimi strateji qurumda şöbə müdiri imiş…

Əlbəttə ki, yeni nazirin bütün bunlara şəxsi bilik və bacarıqları sayəsində nail olduğunun əksini göstərən hər hansı məlumat, yaxud iddiaya malik deyilik. Lakin işin daha maraqlı tərəfi, hələ olduqca gənc yaşında neft sektorunda uğurlu karyera quran S.Babayevin birdən-birə bundan imtina edərək, deputat köməkçisi kimi o qədər də böyük və ciddi sayılmayacaq vəzifəyə keçməsidir. Belə ki, o 2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib. Ancaq onun məhz hansı müavinin köməkçisi olduğuna dair məlumat verilmir. Bilindiyi kimi, parlamentin 3 sədr müavini var ki, bunlar da Ziyafət Əsgərov, Bahar Muradova və Valeh Ələsgərovdur. Valeh Ələsgərovun da Milli Məclisə neft sektorundan gələn deputat olduğunu nəzərə alsaq, böyük ehtimalla S.Babayev məhz onun köməkçisi olub.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyində şöbə müdiri və 2014-cü ildən isə nazir müavini postunu tutan S.Babayevin bioqrafiyasından göründüyü kimi, yeni nazir əvvəlki postlarında əsasən beynəlxalq əlaqələr və xarici investisiyalar sahəsinə aid mütəxəssis kimi çalışıb. Buna baxmayaraq, yəqin ki, bilik və bacarıqlarına şübhə etmədiyimiz S.Babayev tamamilə fərqli istiqamət olan əmək və sosial müdafiə sektorunda da uğurlu fəaliyyət göstərə biləcək. Ən azından cəmiyyət üçün yeni ad olan S.Babayev haqqında da Hadı Rəcəblinin Novruz Məmmədov barəsində dediyi kimi, “heç bir qruplaşmada olmayıb” ifadəsini işlətmək olar. Onun bioqrafiyasına gəldikdə isə, yəqin ki, yaxın gələcəkdə olduqca əhəmiyyətli və ağır post daşıyacaq yeni nazir barədə daha dolğun və ətraflı məlumat veriləcək.

Onu da qeyd edək ki, S.Babayev tanınmış polis polkovniki Rafiq Babayevin oğludur. R.Babayev uzun müddət DİN Pasport və Qeydiyyat İdarəsinin rəisi vəzifəsini daşıyıb.

Cəlal MƏMMƏDOV
AzPolitika.info



Baxış sayı: 250