SON XƏBƏRLƏR
loading...
“Novruz Məmmədov nə Rusiyaya, nə də Qərbə bağlı adam kimi tanınır”

 “Novruz Məmmədov nə Rusiyaya, nə də Qərbə bağlı adam kimi tanınır”Prezident İlham Əliyevin məhz Novruz Məmmədovu baş nazir təyin etməsinin kökündə hansı amillərin dayandığı barədə müxtəlif ehtimallar, mülahizələr irəli sürülməkdədir. Bir sıra ekspertlər hesab edirlər ki, prezidentin bu təyinatının səbəbləri sırasında bundan sonrakı dönəm üçün Ermənistanla aparılacaq Dağlıq Qarabağ danışıqları amili də yer ala bilər.

Bildirilir ki, Ermənistan yeni idarəetmə sisteminə keçiddən sonra işğalçı ölkədə hakimiyyətə baş nazir rəhbərlik edəcək, Ermənistanla danışıqların bəzi raundlarının baş nazirlər səviyyəsində aparılacağı ehtimal olunur. Ona görə də Ermənistan baş nazirinin qarşısına Dağlıq Qarabağ məsələsini, xarici siyasəti daha dərindən bilən mükəmməl bir diplomat baş nazir çıxarmaq lazım gələcəkdi. Novruz Məmmədov uzun illərdir ki, Prezident Administrasiyasında Xarici siyasətə rəhbərlik etmiş şəxsdir. O, Dağlıq Qarabağ məsələsini, danışıqların gedişatını mükəmməl şəkildə bilir. Azərbaycanda vitse-prezidentlik institutunun tətbiqindən sonra, bir iqtisadçının deyil, diplomatın baş nazir təyin olunmasında qeyd olunan məqamın da təsirinin olduğu mümkündür.

Ehtimal ki, vitse-prezidentlərdən biri iqtisadi məsələlərlə məşğul olacaq. Novruz Məmmədov isə baş nazir kimi, daha çox xarici siyasətdə və xüsusən Qarabağ məsələsində ön plana çıxacaq.

Politoloq Natiq Miri isə “Yeni Müsavat”a bildirdi ki, nəzəri olaraq bu mümkündür. Lakin hüquqi baxımdan Azərbaycanda ali icra hakimiyyətinin başçısı prezident sayılır və Azərbaycanda xarici siyasətin müəyyənləşdirilməsi, əsas prioritet sahələrin müəyyənləşdirilməsi məsələsində birbaşa prezident əsas rol oynayır. İdarəetmə strukturu elə qurulub ki, Azərbaycanın həyati məsələsi olan Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqları ölkə prezidenti və xarici işlər naziri aparır: “O baxımdan Azərbaycanda baş nazirin Dağlıq Qarabağ danışıqları aparması ənənəsi yoxdur. Əgər qarşıdakı dönəmdə bu nəzərdə tutulubsa, o deməkdir ki, Azərbaycanda ilk sayıla bilər. Hər bir halda mən düşünürəm ki, Novruz Məmmədovun baş nazir təyin olunmasının səbəbləri sırasında Dağlıq Qarabağla bağlı Ermənistanla danışıqları məhz baş nazirin aparacağı rol oynamayıb. Bu təyinatın bir növ, Azərbaycanın Qərblə Rusiya arasında balans siyasətinin nəticəsi olaraq ortalığa çıxması ehtimalı daha böyükdür. Novruz Məmmədov nə Rusiyaya bağlı adam kimi, nə də Qərbə bağlı adam kimi tanınır”.

Politoloq onu da dedi ki, Azərbaycanda prezident seçkiləri başa çatdıqdan, hökumət formalaşdıqdan, eyni zamanda Ermənistanda da seçkilər dövrü yekunlaşdıqdan sonra Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqların start götürəcəyi gözlənilirdi: “Lakin danışıqların başlanmasını hazırda Ermənistanda cərəyan edən hadisələr bir qədər yubada bilər. Ermənistanda baş verən hadisələr Qarabağ probleminin çözülməsinə yönəlik çox ciddi və müsbət hadisələrdir. Ona görə ki, hakimiyyətdə olan Serj Sərkisyanın rəhbərlik elədiyi hərbi xunta hakimiyyətdən getməyincə, konfliktin həlli yönündə heç bir müsbət, konstruktiv addımların atılması mümkün deyil. Bu baxımdan hesab edirəm ki, müvəqqəti də olsa Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar Ermənistanda siyasi çaxnaşmalar bitənə qədər və yeni siyasi sistemin oturuşmasına qədər dayanmış olacaq. Ancaq yeni siyasi qüvvələrin hakimiyyətə gəlməsindən sonra Dağlıq Qarabağ məsələsinin real həlli yönündə çox ciddi danışıqlar başlaya bilər. Danışıqları isə Azərbaycan tərəfindən həmişə olduğu kimi, prezident və xarici işlər naziri aparacaq. Azərbaycan baş nazirinin sadəcə hansısa tədbirlər çərçivəsində, müəyyən epizodlarda danışıqlarda iştirak etməsi istisna deyil”.



Baxış sayı: 74