SON XƏBƏRLƏR
loading...
Supernazirin xalqa ”Bakinternet” fəlakəti: “Sürət aşağı, xidmət bərbad...”

Supernazirin xalqa ”Bakinternet” fəlakəti: “Sürət aşağı, xidmət bərbad...”Azərbaycanda interneti olmayan ailələr, ofislər barmaqla sayıla bilər.

Günün tələbi budur. İnsanlar internetlə alış-veriş edir, işləyir, pul qazanır, təmas qurur, dünyanın o başına zəng edirlər.

Amma bizdə internetin sürəti, təchizatı iflic olub. Ölkə boyu şikayətlər gəlməkdədir. “Bakinternet” abonentləri boğaza yığıb.

Bu barədə FİA.Az-a gələn oxucu məktubları, zənglər, qarşılaşdığımız problemlər belə deməyə əsas verir.
Nəqliyyat, rabitə və yüksək texnologiya naziri Ramin Quluzadə təyin olunandan bu sahədə vəziyyət ağırlaşıb. Abonentlər aylıq 10-15 manat ödəniş edirlər, amma normal səviyyədə internetlə təmin olunmurlar.
R.Quluzadə sələfi Əli Abbasovun dövründən fərqli işlər görəcəyi gözlənirdi. Amma internet bərbad vəziyyətdədir.
Sosial şəbəkələrdə insanların şikayətlərindən belə aydın olur ki, problem bütün internet provayderlərində özünü göstərir.
Lakin əlaqə saxladığımız provayder şirkətlər iddia edirlər ki, onların fəaliyyətində heç bir dayanma və ya hər hansı bir nasazlıq yoxdur.
2016-cı ilin noyabr ayında “Delta-Telekom”-un Data Mərkəzinin əsas kabellərinin birində tüstüləmə baş vermişdi. Bu hadisədən sonra ölkədə bir neçə dəqiqəlik internet xaosu yaşandı.
Problemin sonradan aradan qaldırıldığı bildirilsə də, yuxarıda da qeyd etdiyimiz kimi bu gün də ölkə ərazisində internet problemi aktuallığını itirmir.
Bir məsələ də var ki, internetdə problem yaşansa da, istifadəçi yüksək sürət üçün ödədiyi pulun müqabilində saatlarla aşağı sürətli internetlə təmin olunsa da bunun qarşılığında şikayət edəcəyi yer yoxdur. İstifadəçi hüquqları kobud şəkildə pozulur.
Ayın əvvəlindən tarifə uyğun olaraq istifadəçidən ödənişi tələb edən provayderlər, istifadəçini tarifdə qeyd olunan sürətə uyğun internetlə təmin edə bilmir. Gün ərzində internetin kəsilməsi, sürətin zəifləməsi isə tarifin bitmə tarixinə təsir etmir.
R.Quluzadə bu azmış kimi özbaşına qanun çıxarıb. Abonentlərdən hər ayın 6-na qədər ödəniş olunması tələb edilir və əks təqdirdə kəsilir.
Bir saat gecikən kimi interneti kəsirlər, amma ödəniş olunanda dərhal bərpa olunmur və 1 saat gözləməli olursan. Yəni, 1 saat ərzində insanların hüquqları tapdanır.
İnternet provayderlərindən birində çalışan şəxsdən aldığımız məlumata görə, son zamanlar ölkədə internet probleminin yaşanmasının səbəbi “Bakinternet”in həddindən artıq yüklənilməsidir. Mənbə bildirir ki, özəl şirkətlərin xidməti məhdudlaşdırılır.
Səbəb isə “Bakinternet”in daha çox qazanc əldə etməsidir. Lakin qurğular köhnə olduğu üçün yüklənməni qaldırmaq çətinləşir. Bunun üçün də internetdə problemlər yaşanır.
Problemi aradan qaldırmaq üçün qurğular yenilənməlidir. Bu istiqamətdə hazırda işlər aparılır. Ancaq əsas çıxış yolu özəl provayderlərin də bazarda normal fəaliyyətini təmin etməkdir.
Həmçinin qeyd olunur ki, problemin yaranmasına səbəb “Delta Telekom”da paylama nöqtəsində alternativ yaradılmayıb. Ona görə də hansısa qəza baş verən zaman ya internet birdəfəlik kəsilir, ya da sürəti aşağı düşür. Ölkəyə internetin 80 faizini “Delta-Telekom”, 20 faizini isə “Azərtelekom” verir.
Bildirilir ki, əslində “Delta-Telekom”un paylayıcı nöqtəsi bir deyil, iki olmalıdır. Onlar şəhərin müxtəlif yerlərində quraşdırılmalı və bir-biri ilə əlaqələndirilməlidir. Lakin hələ də belə bir sistem mövcud deyil.
Son dövrlərdə baş verənlər və müşahidələrimiz göstərir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tənzimləmə ilə bağlı, qayda-qanunların icrası və nəzarətlə bağlı sektorda təsirli addımlar atmaq istəmir və ya bunu bacarmır.
Elə hey çalışır ki, nəsə özü xidmət göstərsin, özünün dövlət provayderləri və operatorlarının xətti ilə bazarı əldə saxlasın, aqressiv və konservativ bir siyasət yürüdür.



Baxış sayı: 149